Şəkidə intihar hadisəsi baş verib. Bu barədə anspress-ə Şəki Rayon Prokurorluğundan məlumat verilib. Qurumdan bildirdilər ki, intihar edən şəxs Şəki rayon sakini 1983-cü il təvəllüdlü Ramin Fehruz oğlu İsmayılov olub. O, Şəki şəhəri, İsmayıl Osmanlı küçəsi, ev 10 ünvanında yaşayıb.
Mərhumun meyiti yaşadığı evin çardağından asılı vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, Rahim İsmayılov iki uşaq atası olub.
“Faktla bağlı Şəki rayon Prokurorluğunda ölümün təfərrüatlarının araşdırılması istiqamətində Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlayıb, zəruri istintaq tədbirləri davam etdirilir”, – deyə rayon prokurorluğundan bildirdilər.
Buna bənzər hadisə aprelin 7-də qeydə alınıb. Qəbələnin Tola kənd sakini 1972-ci il təvəllüdlü Elçin Abdullayev özünü evinin yaxınlığındakı meşə zolağında asıb. Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
Kənd sakinlərinin verdiyi məlumata görə, Elçin Abdullayevin oğlu aprel ayının 1-də hərbi xidmətdən qayıdıb.
Onun kənd ərazisində mağaza işlətdiyi, ancaq banklara kredit borcu olduğu bildirilir.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.