3 C
Baku
Saturday, December 14, 2024

Ronald Coase teoremi

Ronald Coase – məşhur amerikalı iqtisadçı, 1991-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Amerika və Britaniya elmi akademiyalarının üzvüdür.

Coase teoremi – iddia edir ki, tərəflər resurslarının paylanması üçün əlavə xərclər tətbiq etmədən razılıq əldə etməyə nail olurlarsa, onlar xarici effektli problemləri də həll etmək iqtidarındadırlar.

Bu teoremin iddiasına əsasən, o bəzən çox effektiv ola bilər. Əgər fərdi tərəflər resurslarının paylanması üçün əlavə xərclər tətbiq etmədən ortaq məxrəcə gələ bilirlərsə, özəl bazar xarici effektlərlə bağlı problemi də həll edə biləcək və resursları effektiv şəkildə paylayacaq.

Teoremi anlamaq üçün belə bir nümunəyə nəzər salaq:

Belə təsəvvür edək ki, Dikin Spot adlı bir iti var. Spot hürür və Dikin qonşusu olan Ceyni narahat edir. Dik Ceyn üçün xarici mənfi effekt yaradan it saxlayaraq bundan fayda qazanır. Dik itini döyməli və onun susmağını təmin etməli, yaxud Ceyn bu əzaba dözməlidir?

Coase teoreminə əsasən, özəl bazar effektiv nəticəyə nail olacaq. Necə? Ceyn Dikə iti ilə vidalaşması üçün müəyyən məbləğ təklif edəcək. Ceynin təklif etdiyi məbləğ Spotu saxlamaqdan daah çox fayda qazandıracağı halda Dik bu təklifi qəbul edəcək. Dik və Ceyn qiymət ilə bağlı razılığa gələrək həmişə effektiv nəticəyə nail ola bilərlər. Məsələn, tutaq ki, Dik Spota sahib olmaqla 500 dollar fayda qazanır, Ceyn isə 800 dollar məbləğində zərərlə üz-üzədir. Bu halda Ceyn Dikə itdən azad olması üçün 600 dollar təklif edə bilər. Dik isə qəbul edəcək. Hər iki tərəf qazanclıdır, effektiv nəticə əldə olunub.

Əlbəttə, Ceyn Diki qane etməyən miqdarda məbləğ də təklif edə bilər. Məsələn, Dik itə sahib olmaqla 1000 dollar fayda əldə edirsə və Ceyn 800 dollar zərərə sahibdirsə, təbii ki, 1000 dollardan aşağı olan istənilən təklif Diki qane etməyəcək. Buna uyğun olaraq da Spotu saxlamaqda davam edəcək.

Bəs Dik qanunla hürən itə sahib olmaqla bağlı hüquqa sahib olduqda necə? Digər sözlərlə desək, Dik Ceyn onu qane edəcək məbləği təklif edənə qədər hürən iti saxlamaq hüququna sahibdir. Digər tərəfdən isə, Ceyn qanunla sakitlik və rahatlıq hüququna malik olsaydı?

Coase teoreminə əsasən, hüquqların ilkin bölünməsi bazarın effektiv nəticəyə nail olmaq bacarıqarından asılı deyildir. Məsələn, tutaq ki, Ceyn qanuni əsasla Diki itdən azad olmağa məcbur edə bilər. Bu hüquq Ceynin üstünlüyü olsa da, nəticəni dəyişməyə də bilər. Bu halda Dik Ceynə iti saxlamasına icazə verməsi üçün ona müəyyən məbləğ təklif edə bilər. Əgər Dikin itə sahib olmaqla əldə etdiyi fayda Ceynin üzləşdiyi zərərdən çox olarsa, Dik və Ceyn razılığa gələcək və Dik rahat şəkildə itini saxlamağa davam edəcək.

Dik və Ceyn hüquqların ilkin paylanması olmadan belə effektiv nəticə əldə edə bilərlər. Dikin hürən itə sahib olmasına imkan yaradan hüququ, Ceynin isə sakitlik hüququ son razılıq əsnasında kimin məhz olaraq pul ödəməli olduğunu təyin edir. Lakin istənilən halda tərəflər razılığa gəlmək və xarici amillə bağlı olan problemi həll etmək imkanına sahibdirlər.

Belə bir nəticəyə gələ bilərik ki, Coase teoremi iddia edir ki, ayrı-ayrı iqtisadi agentlər xarici amillə bağlı olan problemi sərbəst şəkildə həll etmək imkanına sahibdirlər. İlkin hüquqlar necə olursa olsun, tərəflər hər zaman qarşılıqlı fayda qazandıran razılığa gələ və effektiv nəticəyə nail ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər