“Caspian Invest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 182 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ili 97 min manat zərərlə bağlamışdır.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Caspian Invest”in faiz gəlirləri 6 735 manatdan 1 milyon 915 min manata, faiz xərcləri 123 manatdan 111 943 manata çatıb.
31 dekabr 2024-cü il tarixinə “BOKT Caspian İnvest”in cəmi aktivləri 6.3 dəfə artaraq 12 milyon 668 min manat, o cümlədən kredit portfeli 18 dəfə artaraq 12 milyon 209 min manat təşkil edib.
Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 8 milyon 978 min manat, cəmi kapitalı isə 3 milyon 690 min manat olub. Yığılmış zərəri isə 391 min manatdan 210 min manata düşüb.
Bildirək ki, 31 dekabr 2024-cü il tarixinə Cəmiyyətin 10 filialı mövcuddur və əməkdaşlarının sayı 64 nəfər (31 dekabr 2023-cü il: 13 nəfər) təşkil edir. BOKT-un səhmdarları Salmanov İbrahim və Şərifov Nurlandır.