“Tesla” tarixdə ilk dəfə Avropa bazarında yeni elektrik avtomobillərin satışında liderliyini Çinin “BYD” şirkətinə verib. “Jato Dynamics” analitika şirkətinin məlumatlarına istinadən xəbər verir ki, aprel ayında Avropa regionunda 7 231 yeni “BYD” elektrik avtomobili qeydə alınıb ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə 169% çoxdur. “Tesla” satışları isə əksinə, demək olar ki, 50% (7 165 avtomobil) azalıb.
Nəticədə, “BYD” aprel ayında Avropada satışlara görə Top 10-luğa daxil olub. “Jato Dynamics” analitiki Felipe Munyoz qeyd edir ki, Çin konserni “Tesla”nı cəmi bir neçə on avtomobillə məğlub etsə də, bu, bazarın strukturunda dərin dəyişiklik olduğunu göstərir: “İki avtomobil istehsalçısı arasında aylıq satış fərqi böyük olmasa da, bu hadisənin nəticələri böyükdür. Bu, Avropa avtomobil bazarı üçün dönüş nöqtəsidir”, – Felipe Munyoz bildirib.
“Jato” əlavə edib ki, “BYD” tərəfindən istehsal olunan hibrid elektrik avtomobilləri nəzərə alınmaqla, Çin markasının ümumi satışları 359% artıb və “Tesla” ilə fərq daha da əhəmiyyətli olub.