Azərbaycan Mərkəzi Bankı 2024-cü il üzrə konsolidasiya edilmiş maliyyə hesabatını açıqlayıb. Mərkəzi Bankın il ərzində əldə etdiyi mənfəət 721,5 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə təxminən iki dəfə çoxdur.
Banker.az xəbər verir ki, 2023-cü ildə tənzimləyicinin mənfəəti 349,1 milyon manat olmuşdu.
Bununla da AMB-nin bölüşdürülməmiş mənfəəti 501,2 milyon manatdan 972,7 milyon manata çatıb.
2024-cü ildə effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 546,14 milyon manata çatıb. Bu göstərici 2023-cü ildə 482,5 milyon manat idi. “Sair” kimi təsnif edilən gəlirlər də artaraq 171,4 milyon manata yüksəlib (2023: 32,8 milyon manat). Nəticədə, faiz xərcləri çıxıldıqdan sonra xalis faiz gəliri 498,8 milyon manat təşkil edib – bu da 2023-cü illə (215,7 milyon manat) müqayisədə 2,3 dəfə çoxdur.
Ədalətli dəyərin dəyişməsi nəticəsində mənfəət və ya zərərə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis gəlir 113,9 milyon manata çatıb (2023: 34,5 milyon manat). Sair məcmu gəlirə daxil edilən qiymətli kağızların realizasiyası üzrə gəlir isə 139,3 milyon manat olub.
2024-cü ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi AMB-yə 59,8 milyon manat zərər gətirib. Halbuki 2023-cü ildə bu istiqamətdə 48,8 milyon manat gəlir əldə edilmişdi.