-1 C
Baku
Sunday, December 15, 2024

İnvestisiya fondlarına aidiyyati şəxslərlə əqdlərin bağlanması qaydaları dəyişib

Prezident İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 188-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Məlumatına görə, sərəncamda Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “İnvestisiya fondları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentinə təqdim etmək tapşırılıb. Bundan başqa, Nazirlər Kabineti normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, “İnvestisiya fondları haqqında” qanuna edilən dəyişikliklərə əsasən, səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5%-ini və daha çox hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondu tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı ilə bağlanılacaq. Bundan başqa, səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5%-dək hissəsini təşkil edən əqdlərin səhmdar investisiya fondunun nizamnaməsinə uyğun olaraq səhmdarların ümumi yığıncağı, müşahidə şurası və ya icra orqanı tərəfindən qəbul edilən qərarı ilə bağlanılmasına icazə verilib.

Qanuna edilən daha bir dəyişikliyə görə, səhmdar investisiya fondunun müşahidə şurasının və icra orqanının üzvləri, habelə investisiya fondunun struktur bölmələrinin (filial, departament, şöbə və s.) rəhbərləri özlərinin, bu qanunun 27.1.3-cü və 27.1.9-cu maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər