Avropa Mərkəzi Bankının (AMB) statistik məlumatlarına əsasən, bu yaxınlarda qızıl dəyərinə görə mərkəzi bankların ehtiyatlarında yalnız ABŞ dollarından geri qalır. Bu vəziyyət qızılın qiymətinin rekord səviyyədə artması (2023-cü ildə 30%-lik yüksəliş), dolların zəifləməsi və ticarət müharibəsi qorxularının fonunda tənzimləyici orqanların bu qiymətli metala tələbatı ilə əlaqədardır.
-
2024-cü ilin sonuna olan məlumata görə, qızıl mərkəzi bankların açıqlanmış rəsmi ehtiyatlarının 20%-ni, avro 16%-ni, dollar isə 46%-ni təşkil edib. Həmin il qızıl ehtiyatları üçün alınan miqdar 1000 tondan çox olub. Bu rəqəm dünya üzrə ümumi illik istehsalın təxminən beşdə birinə bərabərdir və son onillikdəki orta illik göstəricidən iki dəfə çoxdur.
-
Mərkəzi bankların ümumi qızıl ehtiyatları artıq Bretton-Vud sisteminin dağılmasından əvvəlki pik səviyyəyə yaxınlaşır. AMB qeyd edir ki, 1960-cı illərin ortalarında bu ehtiyatlar 38 min ton səviyyəsində olubsa, hazırda 36 min tona çatıb.
-
Son üç ildə xüsusilə Rusiya və Çinlə geosiyasi baxımdan yaxın olan ölkələr qızıl ehtiyatlarını nəzərəçarpacaq dərəcədə artırıblar. Digər ölkələr isə dünyada mümkün pul-maliyyə sistemində dəyişikliklərə qarşı sığortalanmağa və dollara həddindən artıq asılılıqdan qurtulmağa çalışıblar.
-
“Qızıl faiz gəliri vermir və onu saxlamaq baha başa gəlir, lakin investorlar onu hələ də ən etibarlı müdafiə aləti hesab edirlər. Bunun səbəbi isə onun yüksək likvidliyə malik olması və sanksiyalar və ya qarşı tərəf riski ilə faktiki olaraq üzləşməməsidir,” – deyə Financial Times qəzetində qeyd olunur.
Bu proseslər göstərir ki, qlobal iqtisadi qeyri-müəyyənlik və geosiyasi risklər artdıqca, ölkələr öz ehtiyatlarını ənənəvi sabit və təhlükəsiz hesab olunan qızıl ilə möhkəmləndirməyə üstünlük verirlər.