21 C
Baku
Monday, June 16, 2025

İsrailin İrana hücumu birjaları çökdürüb

İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərinin yüksəlməsinə səbəb olub, eyni zamanda birjaları çökdürüb. Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri cümə axşamı İrandakı nüvə və raket obyektlərinə onlarla zərbə endirib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü jurnalistlərə bildirib ki, İranın nüvə və ballistik raket imkanlarının məhv edilməsi əməliyyatı bir neçə gün çəkəcək. İsrail ordusunun məlumatına görə, İran son saatlarda İsrailə doğru yüzdən çox pilotsuz uçan aparat atıb.

Bu fonda “Brent” markalı neftin qiyməti fyuçers bazarında 6.2% artaraq bir barel üçün 73.67 dollar təşkil edib. WTI 6.3% bahalaşaraq 72.3 dollar/barelə satılır. Sessiya zamanı neftin qiyməti 13% artaraq 2022-ci ilin martından bu yana bir gün ərzində maksimuma çatıb. “JPMorgan” xəbərdarlıq edir ki, İran-İsrail münaqişəsi ən pis halda inkişaf edərsə, neftin bir bareli 120 dollara qalxacaq.

Hollandiyadakı TTF qovşağında tədarük üçün qaz fyuçersləri 3.5% artaraq 37.435 €/MVt-a çatıb. “Comex” birjasında qızıl müqavilələri 1% bahalaşaraq bir unsiya üçün 3437.30 dollara yüksəlib.

Amerika valyutası avro və funt sterlinqə qarşı 0.4%, yenaya qarşı 0.3%, İsrail şekelinə qarşı isə 1.1% möhkəmlənib.

ABŞ-nin “Dow Jones” fond indeksi üzrə fyuçerslər 1.2%, “Standard & Poor’s 500” – 1.3%, “Nasdaq 100” isə 1.4% ucuzlaşıb. Avropa fond bazarları da eniş yaşayır: ümumavropa “Stoxx 600” indeksi – 0.7%, Britaniya indeksi  “FTSE 100” – 0.6%, Almaniya indeksi “DAX” – 1%, Fransa indeksi “CAC 40” – 0.8%, İtaliya indeksi “FTSE MIB” və İspaniya indeksi “IBEX 35” isə 1.4% ucuzlaşıb.

Mütəxəssislərə görə, investorlar indi bir sıra cəbhələrdə artan gərginlik təhlükəsi ilə qarşılaşmalı olacaqlar ki, burada yeni qaynar müharibələr ehtimalı intensivləşən ticarət müharibələri ilə toqquşur, real vaxt rejimində risk əhval-ruhiyyəsi dəyişir.

Son xəbərlər
Digər xəbərlər