Bu gün Bakıda “Sahibkarlar günü”nə həsr olunmuş konfrans keçirilib.
APA xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib.
Konfrans cəbhə xəttində baş vermiş son hadisələr zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, “Sahibkarlar günü”nün təsis edilməsi münasibəti ilə sahibkarları təbrik edib.
İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında “Sahibkarlar günü”nün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıb.
Ş. Mustafayev dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilmiş qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıdığını və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayıb. Nazir qeyd edib ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyanın təşviqi və s. özəl sektorun inkişafında xüsusilə əhəmiyyətlidir.
Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə aparılmış islahatlar və qəbul edilmiş qanunvericilik aktlarının önəmini vurğulayıb.
Tədbirin sonunda ölkə sahibkarları adından Azərbaycan prezidentinə müraciət qəbul edilib. Müraciətdə deyilir: “Məhz 2002-ci ilin aprel ayının 25-də ümummilli liderin iş adamları ilə keçirdiyi görüşlərin nəticəsi olaraq qəbul edilmiş Dövlət Proqramı, imzalanmış bir sıra mühüm fərmanlar və qəbul edilmiş qərarlar ölkədə sahibkarlığın inkişafına təkan vermişdir.
Sizin rəhbərliyinizlə aparılan genişmiqyaslı işlərin nəticəsidir ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir.
Qeyri-neft sektorunun inkişafında Sizin müəyyənləşdirdiyiniz kimi, aparıcı qüvvə məhz sahibkarlıqdır. Bu strateji xəttinizə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür.
Xüsusilə son dövrlərdə sizin təşəbbüsünüzlə yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların və icazələrin sayının minimuma endirilməsi, onların verilməsi prosedurlarının asanlaşdırılması və şəffaflaşdırılması, investisiyaların və ixracın təşviqi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsi və digər mühüm qərarlar sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu siyasətin davamı olaraq, 21 aprel 2016-cı il tarixli sərəncamınızla hər il aprelin 25-i tarixinin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi barədə qərarınız sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının növbəti bariz nümunəsi olmaqla bərabər, sahibkarların cəmiyyətdəki nüfuzunu daha da artıracaqdır.
Möhtərəm cənab Prezident!
Biz, “Sahibkarlar günü”nə həsr olunmuş konfransda iştirak edən sahibkarlar Sizi əmin edirik ki, sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaratdığınız əlverişli şəraitdən geniş istifadə edərək bütün qüvvə və bacarığımızı müstəqil Azərbaycanın daha da qudrətlənməsi və çiçəklənməsi üçün səfərbər edəcəyik”.