Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyinin yaradılması ilə bağlı siyasi qərar qəbul olunub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.
“İxracın təşviqi, investisiya əməkdaşlığının inkişafı, ölkələrimizin sahibkarları arasında birbaşa işgüzar əlaqələrin qurulması, regionda birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün əsas vasitəyə çevriləcək Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyinin yaradılması qərarını elan etmək istərdim”, – deyə o qeyd edib.
Nazir əlavə edib ki, ötən ilin avqustunda Azərbaycan və Özbəkistan prezidentlərinin imzaladığı Müttəfiqlik Münasibətləri haqqında Müqavilə ikitərəfli münasibətləri və uzun illər üçün regional siyasəti müəyyən edəcək böyük addımdır: “2024-cü il Azərbaycan-Özbəkistan ikitərəfli tərəfdaşlığı üçün mühüm hadisələrlə zəngin olub. Mayda Quba şəhərində II Regionlararası Forum keçirilib, onun çərçivəsində Füzuli və Gülüstan, Biləsuvar və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri arasında qardaşlaşma sazişləri imzalanıb. Xüsusilə qeyd etmək istərdim ki, layihələrin əksəriyyəti ölkələrimizin regionlarında həyata keçirilir. Bu, təkcə milli prioritetlərə dəstək kimi deyil, həm də davamlı və qarşılıqlı faydalı tərəqqi üçün müstəqil mexanizm kimi regionlararası əməkdaşlığın bu gün oynadığı mühüm rolun əyani təsdiqidir”.