İri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etməmişdən öncə, bunu mən etmişdim.
Banker.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
A.Gözəlin sözlərinə görə, nazirə ünvanladığı məktubda holdinqin strukturuna daxil olan “Bazarstore” marketlər şəbəkəsinin deyil, bu sektorun bütün iştirakçılarının üzləşdiyi problemləri qabardıb:
“Mən məktubda, həmçinin istehlakçıların problemləri barədə yazmışam. Bundan sonra digər market şəbəkələrinin rəhbərləri nazirə müraciət ünvanladı. Ona görə, bizim ümumi müraciətin altında imzamız yox idi”.
Xatırladaq ki, ötən həftə bir qrup iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Sahibkarlar müraciətində bildirib ki, müflisolma təhlükəsi qarşısındadırlar.
Bildirilib ki, hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb.
Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət pərakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.
Müraciəti “Rahat”, “Bizim”, “Fresko”, “Səbət”, “Makromart”, “Araz”, “Neptun”, “Bolmart”, “Favorit” kimi iri marketlər şəbəkələrinin rəhbərləri imzalanıb.
Müraciətdən sonra iqtisadiyyat naziri şəbəkə rəhbərlərinin nümayəndələrini qəbul edib. Nazirliyin açıqlamasında qeyd edilib ki, görüşdə sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV-nin tətbiqinin aradan qaldırılması məsələsi müzakirə olunub.
Maraqlıdır ki, bundan sonra “Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında Vergilər Nazirliyi tərəfindən yoxlamalara başlanılıb. Buna münasibət bildirən Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi qeyd edib ki, adıçəkilən marketlər şəbəkəsinin bəzi mağazalarında aparılan yoxlamalar dövriyyənin müəyyənləşdirilməsi ilə əlaqədardır.