Bazar ertəsi günü neftin qiymətləri yanvardan bəri ən yüksək səviyyəsinə qalxıb. Buna səbəb ABŞ-ın İsrailə qoşularaq İranın nüvə obyektlərinə zərbələr endirməsi və bunun təchizatla bağlı narahatlıqları artırması olub.
Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə saat 08:03-ə olan məlumata görə, 1.52 dollar və ya 1.97% artaraq bir bareli 78.53 dollara yüksəlib. ABŞ-ın WTI markalı nefti isə 1.51 dollar və ya 2.04% artaraq 75.35 dollar olub.
Hər iki marka sessiyanın əvvəlində 3%-dən çox bahalaşaraq müvafiq olaraq 81.40 və 78.40 dollara çatıb və bu ilin beş ay ərzində ən yüksək göstəriciləri olub, lakin sonradan bir qədər ucuzlaşıb.
Qiymət artımı ABŞ prezidenti Donald Trampın İranın əsas nüvə obyektlərinin “yox edildiyini” bildirməsindən sonra baş verib. O, İsrailin Yaxın Şərqdə gərginliyi artıran hücumlarına qoşulub. İran isə özünü müdafiə edəcəyini bəyan edib. Ölkənin prezidenti Pezeşkian ABŞ-yə xəbərdarlıq edib ki, bu hücüm “cavabsız qalmayacaq”.
İran OPEC-in üçüncü ən böyük neft istehsalçısıdır. Bazarda iştirak edənlər hesab edirlər ki, Tehran cavab olaraq Hörmüz boğazını bağlaya bilər. Bu boğazdan dünya xam neftinin təxminən beşdə biri daşınır və bu, qiymət artımını daha da gücləndirə bilər.
Hindistanın “SS WealthStreet” tədqiqat şirkətinin təsisçisi Suqandha Saçdeva bildirib ki, “geosiyasi gərginliyin artması Brent markalı neftin qiymətinin 100 dollara, hətta 120 dollara qədər yüksəlməsinə zəmin yaradır”.
İranın “Press TV” kanalı xəbər verir ki, İran parlamenti Hörmüz boğazının bağlanmasını nəzərdə tutan sənədi təsdiqləyib. Lakin İran daha əvvəl də bu cür təhdidlər səsləndirsə də, heç vaxt bunu reallaşdırmayıb.
İsrail və İran bazar ertəsi hava və raket zərbələri mübadiləsi aparıb. Bu isə ABŞ-ın hücumlarına Tehranın verəcəyi cavabla bağlı beynəlxalq narahatlığı daha da artırıb.
!Sparta Commodities! şirkətinin analitiki Cün Qoh qeyd edib ki, “neft infrastrukturuna zərər riski çoxalıb”. Onun sözlərinə görə, bölgədə alternativ kəmərlər olsa da, boğazın bağlanması təqdirdə müəyyən həcmdə neftin ixracı mümkün olmayacaq və gəmi şirkətləri regiondan uzaqlaşacaq.
“Goldman Sachs” bankı bazar günü yaydığı hesabatda bildirib ki, əgər Hörmüz boğazı ilə neft axını bir ay ərzində yarıya qədər azalsa, Brent markalı neftin qiyməti müvəqqəti olaraq 110 dollara çata bilər. Sonrakı 11 ayda isə təklifdə 10%-lik azalma qalacaq. Bank neft və qazın təchizatında ciddi bir kəsinti olacağını gözləmədiyini də əlavə edib.
İyun ayının 13-dən bəri davam edən münaqişə nəticəsində Brent 13%, WTI isə təxminən 10% bahalaşıb. Bununla bağlı daha geniş yazmızı linkdən oxuya bilərsiniz.
Saçdeva əlavə edib ki, İran üçün də neft ixracı milli gəlirin əsas mənbəyidir. Bu səbəbdən Hörmüz boğazının uzunmüddətli bağlanması ölkəyə ciddi iqtisadi zərər vura bilər.
Digər tərəfdən, Yaponiya bazar ertəsi günü İranla bağlı vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırıb. Cənubi Koreyanın sənaye nazirinin müavini isə hücumların ölkənin ticarətinə mümkün təsirindən narahatlığını ifadə edib.