24 C
Baku
Monday, June 23, 2025

Zakir Nuriyev: “2024-cü ildə bank sektorunun aktivləri 53 milyard manat olub”

“Effektiv kredit məlumatlarının toplanması, təhlili və saxlanılması istənilən ölkənin maliyyə sabitliyi, risklərin idarəolunmasında həlledici rol oynayır”.

Bunu Birinci Beynəlxalq Kredit Konfransının açılış mərasimində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

O bildirib ki, Dünya Bankının beynəlxalq institutların kredit məlumatlarının mövcudluğu və keyfiyyətinin qlobal biznes reytinq hesabatlarında əsas göstərici kimi qəbul etməsi təsadüfi deyil:

“Azərbaycanda Kredit Bürosunun yaradılması və inkişafı zamanın çağırışı idi. Kredit reyestrində mövcud olan kredit məlumatları tarixçəsi Azərbaycan bankları qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu məqsədlə 2018-ci ildə Azərbaycan banklarının birgə səyi nəticəsində və Mərkəzi Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə Azərbaycanda ilk kredit bürosu Azərbaycan bankları tərəfindən təsis edildi”.

O vurğulayıb ki, təsis edildiyi dövrdən bu günə qədər Kredit Bürosu inqilabi bir inkişaf yolu keçib:

“2024-cü ildə bank sektorunun aktivləri 53 milyard manat olub ki, bu da 2018-ci illə müqayisədə 80 faiz çoxdur.

Eyni zamanda, bizim bugünkü kredit portfelimizin həcmi son yeddi illə müqayisədə 125 faiz artaraq 29.3 milyard manata çatıb. Təbii ki, bu dövr ərzində bizim vaxtı ötmüş kreditlərimizin həcmi əhəmiyyətli dərəcədə – 2018-ci illə müqayisədə 72 faiz azalıb və artıq 449 000 000 manat təşkil edir.

Lakin bütün bunlara baxmayaraq, artan kreditləşmə səviyyəmiz, artan aktivlərimizin həcmi bir daha bizə özəl kredit bürosunun yaradılmasının və inkişaf etdirilməsinin vaxtında və düzgün qəbul edilmiş bir qərar olduğunu göstərdi”.

Zakir Nuriyev vurğulayıb ki, 2018-ci ildə cəmi səkkiz bankın iştirakı ilə yaradılan, 10 nəfər işçi heyətindən ibarət olan Kredit Bürosu əməkdaşlarının sayı 50 nəfəri ötüb:

“İlk mərhələdə yalnız kredit tarixçələri haqqında bizə məlumatlar kredit bürosundan təqdim edilirdisə, bu gün artıq bu xidmətlərin sayı 35-dən çoxdur. Əvvəlki dövrdə Kredit Bürosunun əməkdaşlıq etdiyi təşkilatların sayı yalnız banklar və BOKT-lərdən ibarət idisə, bu gün artıq əməkdaşlıq edən və xüsusən könüllü əməkdaşlıq edən təşkilatların sayı 270-ə çatıb. Bundan öncə mövcud olan qanunvericiliyə əsasən, nisyə mal alqı-satqısını həyata keçirən təşkilatların kredit bürosuna məlumatları təqdim etməsi məcburi xarakter daşısa da, bu gün artıq bu könüllüdür”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər