Azərbaycan Mərkəzi Bankının (AMB) komandası İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir.
Bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində (“Fintex Sammit”) bildirib.
“Yaxın zamanda biz yekun məhsulları sektora təqdim etməyi planlayırıq. Bu çərçivələr beynəlxalq standartlar əsasında formalaşır və təşkilatlarda olan proseslərin daha dayanıqlı, təhlükəsiz və effektiv olmasını hədəfləyir”, – deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, bu ilin aprel ayından etibarən yeni Məlumat və Kibertəhlükəsizlik üzrə qaydaların qüvvəyə minməsi sektorun təhlükəsizliyi üçün çox mühüm addım olub: “Belə ki nağdsız ödənişlərdən istifadənin genişlənməsi ilə kiberhücumların və dələduzluqların sayı arasında birbaşa korellasiyası mövcuddur. Bu baxımdan kibertəhlükəsizliyə edilən investisiya cari dövrdə olduqca önəmlidir. Hazırda təşkilatlar qaydalara uyğunluğun tam təmin edilməsi üçün yol xəritələrini AMB ilə razılaşdırır və tənzimləyici qurum olaraq biz bu sahədə təşkilatların gördüyü işi yüksək qiymətləndiririk”.