Azərbaycana qızıl, mis və gümüş hasilatçısı olan “Anglo Asian Mining PLC” səhmdarların illik ümumi yığıncağını keçirir.
Banker.az xəbər verir ki, yığıncaq Bakı vaxtı ilə bu gün saat 14:00-da Böyük Britaniyanın London şəhərində yerləşən “The Washington Mayfair Hotel”-də, 5 Curzon küçəsi (W1J 5HE) ünvanında təşkil ediləcək.
Yığıncaqda Anglo Asian-ın prezidenti və baş icraçı direktoru Rza Vaziri bəyanatla çıxış edəcəklər.
Banker.az-da daxil olan məlumatda yığınacaqda şirkətin öncəki illə bağlı hesabatı və cari işlərinin müzakirəsi gözlənilir.
“Şirkət bu çətinliklərin öhdəsindən uğurla gəldi və dayanıqlı nəticələr əldə etdi. İndi, ötən illə müqayisədə daha güclü mövqedəyik. 2024-cü ilin sonuna qədər tullantı anbarının yüksəldilməsi üzrə ilk mərhələni tamamladıq və Gedəbəkdə tam həcmdə istehsala yenidən başladıq. Həmin il ərzində Demirli yatağına da çıxış əldə etdik və bu ərazidə reabilitasiya işlərinə sürətlə başladıq”- deyə, şirkətin CEO-su R.Vaziri bildirib.
O əlavə edib ki, gözləntilərə uyğun olaraq, 2024-cü ildə hasilat 16 760 unsiya qızıltəşkil edib ki, bu da ilin böyük hissəsində emalın qismən dayandırılması səbəbilə 2023-cü illə müqayisədə aşağıdır: “Gəlirlər 40 milyon ABŞ dolları, vergidən əvvəlki zərər isə 21 milyon dollar olub. Sevindirici haldır ki, aşağı hasilat metal qiymətlərinin yüksək olması ilə qismən kompensasiya olunub. Xalis borcumuz isə il ərzində cəmi 4.4 milyon dollar artaraq 14,7 milyon dollara çatıb – bu, pul vəsaitlərinin çox diqqətli idarə olunmasının nəticəsidir”.
2024-cü ildə gələcək inkişafımız üçün əsaslar qoyulmağa davam etdi. Xarxar və Qaradağ yataqları üzrə ilk JORC resurslarını açıqladıq. Bu yataqlar hasilat bazamızı əhəmiyyətli dərəcədə artıracaq və bizi orta səviyyəli istehsalçıya çevirməkdə əsas rol oynayacaq. Hazırda şirkətin JORC resurs bazası 1 milyon tondan çox mis və 400 000 unsiya qızıldan ibarətdir.
“Son aylar ərzində şirkətin inkişaf tempi və inamı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin may ayında yeni “Gilar” yatağında hasilat başladı və “Dəmirli” yatağının da ilin ikinci yarısında istismara verilməsi gözlənilir. Bu isə o deməkdir ki, tezliklə iki yeni aktivdən hasilat olacaq – bu isə olduqca əhəmiyyətli nailiyyətdir. Bütün bunlar səhmdarlardan əlavə kapital cəlb etmədən həyata keçirilib” – deyə, mədən şirkətinin rəhbəri əlavə edib.
1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.
*JORC — Joint Ore Reserves Committee – Kodeksi mədən və yataqlar üzrə faydalı qazıntı resurslarının və ehtiyatlarının standartlaşdırılmış hesabat qaydalarını müəyyən edir. Kodeksin məqsədi investorlara və səhmdarlara geoloji kəşfiyyat nəticələrinin, resursların və ehtiyatların şəffaf, dəqiq və müqayisəoluna bilən şəkildə təqdim edilməsini təmin etməkdir.