Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı Departamentinin keçmiş rəhbəri, İslam maliyyələşməsi üzrə ekspert Behnam Qurbanzadə Report İnformasiya Agentliyində olub.
Ekspert Report Agentliyinin redaktor heyəti və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb.
İqtisadiyyat redaktoru Vüqar Mustafayev görüşdə Agentliyin fəaliyyət istiqamətləri barədə qonağa məlumat verib və “Report”un İslam bankçılığı, ümumilikdə İslam maliyyələşməsi ilə bağlı məlumatların yayılmasında maraqlı olduğunu açıqlayıb.
Öz növbəsində, B.Qurbanzadə İslam maliyyələşməsi ənənələrinin formalaşmasının Azərbaycan, həm də bütövlükdə region üçün əhəmiyyətli olacağını açıqlayıb. Ekspert bu sahənin bütün dünyada getdikcə populyarlaşdığını, bu sahənin həm alternativ kapital bazarı olduğunu, həm də bu seqmentin investisiya yatırımları üçün alternativ alətlər təqdim etdiyini vurğulayıb: “Artıq bu ilin sonuna qlobal İslam maliyyələşməsinin 2,2 trln. dollara çatacağı proqnozlaşdırılır. Dünya üzrə İslam iqtisadiyyatının 44%-i İran, 16%-i Səudiyyə Ərəbistanı, 9%-i Türkiyənin payına düşür”.
“Azərbaycanda da İslam maliyyələşməsinin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Biz bunu Azərbaycan Beynəlxalq Bankının timsalında da sübut etmişik. Əsaslı şəkildə Bank bu fəaliyyət növü ilə cəmi iki il məşğul olsa da, artıq bir il sonra mənfəət əldə olunmuşdur. Həmçinin, müvafiq qanunvericilik bazasının formalaşdırılması tələb olunur”, – deyə B.Qurbanzadə qeyd edib.