Norveç Dövlət Pensiya Fondunun (Neft Fondu) 2016-cı ilin ilk rübündə fond birjalarında baş verən azalma nəticəsində sərmayə yatırdığı səhmlərin qiyməti düşüb.Agentliyin Fondun rəsmi saytına istinadən xəbər verir ki, Fondun investisiyaları 2016-cı ilin ilk rübündə 0,6% və ya 10 mlrd. dollar zərər gətirib. Son 4 ilin ən böyük azalması (3,6%) isə 2015-ci ilin III rübündə qeydə alınıb.
Qeyd edək ki, Norveç Dövlət Pensiya Fondu Norveç Mərkəzi Bankının (Norges Bank) “Norges Bank İnvestment Management” Departamenti tərəfindən idarə olunur. Departamentin müdir müavini Trond Qrandenin fikrincə, bu ilin ilk 2 ayında maliyyə bazarlarında ciddi volatillik müşahidə olunub. Martda isə bazarlar əhəmiyyətli dərəcədə sabitləşib.
Norveç Dövlət Pensiya Fondu 870 mlrd. dollarlıq aktivləri ilə dünyanın ən böyük suveren fondu hesab edilir. Fondun dünyanın 9 000 şirkətində (o cümlədən “Nestle” və “Apple” şirkətlərində) payı var.
Qeyd edək ki, Norveçdə ÜDM-in 25%-i neft-qaz sənayesinin payına düşür. Ötən il xammal qiymətlərinin düşməsi nəticəsində Norveçin karbohidrogen ixracından gəlirləri 2014-cü ilə nisbətən 27% azalaraq 45 mlrd. dollara enib.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin ilk rübündə aktivlərini 671,9 mln. dollar və ya 2% artıraraq 34 246 mln. dollara çatdırıb.
Report