ABŞ BRICS-ə üzv ölkələrə 10 faiz həcmində rüsum tətbiq edəcək

“BRICS-ə üzv olan bütün ölkələr 10% rüsum ödəyəcək, çünki bu ittifaq dolları dəyərsizləşdirmək üçün yaradılıb”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iclas zamanı bildirib.

“BRICS dollarımızı dəyərsizləşdirmək və dolları dünya valyutası mövqeyindən çıxarmaq, onu standart statusundan məhrum etmək üçün yaradılıb”, – deyə Tramp bildirib.

Tramp hesab edir ki, BRICS ölkələri dolları başqa dünya valyutası ilə əvəz etmək üçün onu məhv etməyə çalışırlar.

Eyni zamanda, maliyyə naziri Skot Bessent Ağ Evdə keçirilən iclasda bildirib ki, ABŞ ilin sonuna qədər yeni idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə etməyi gözləyir. Onun sözlərinə görə, Vaşinqton bu günə qədər yığılan rüsumlardan təxminən 100 milyard dollar əldə edib.

Qeyd edək ki, BRICS təşkilatının rəsmi üzvləri Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, Misir, İndoneziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiyadır.

Təşkilatla tərəfdaşlıq edən digər ölkələr isə Belarus, Özbəkistan, Kuba, Boliviya, Vyetnam, Qazaxıstan, Malayziya, Nigeriya, Tailand və Uqandadır.