İsveçdə ömrü uzatmaq məqsədi ilə qabaqcıl tibbi texnologiyalara, pəhriz, təlim və həyat tərzini birləşdirən istiqamət olan uzunömürlülük (longevity) sənayesinə maraq artır.
Getdikcə daha çox sahibkar və investor ömrün uzadılması, xəstəliklərin qarşısının alınması və qocalığın keyfiyyətinin yaxşılaşdırılması üçün üsullar təklif edən innovativ startaplara sərmayə yatırır.
Biohacking, AI diaqnostikası, teletibb, qan analizi, işıq terapiyası, bədənin skan edilməsi və yeni qidalanma formaları diqqət mərkəzindədir.
İyun ayında “Super human” konfransı Stokholmdakı “Grand Hoteld”ə 800-ə yaxın investor, sahibkar və həvəskarı bir araya gətirib. Əsas qonaq ekstremal sahibkar kimi tanınan və “Don’t die” (“Ölmə”) hərəkatının ruhlandırıcısı Brayan Conson olub.
Hərəkatın fəal təşviqatçılarından biri prodüser və vençur investoru Arash Purnuridir. Onun fikrincə, bu, erkən, lakin perspektivli sənayedir və artıq Ceff Bezos və Piter Til kimi simalar ona maraq göstəriblər.
Ömrün uzadılması sahəsində tanınmış investorlar arasında “Spotify” yaradıcısı Daniel Ek tərəfindən qurulan, artıq 2,5 milyard İsveç kronundan çox vəsait toplayan, İsveç və Böyük Britaniyada klinikalar açan “Neko Health” şirkəti var.
Lakin alimlər bu tendensiyaya şübhə ilə yanaşırlar. Karolina İnstitutundan dosent Karin Modiq qeyd edir ki, son onilliklərdə orta ömür uzunluğunun artması ekstremal həyat tərzindən daha çox tibbin inkişafı və ürək xəstəlikləri və xərçəngin müalicəsi ilə bağlıdır. Onun sözlərinə görə, uzunömürlülük çox vaxt həyatın uzun və ağrılı son mərhələsi ilə müşayiət olunur.
Bundan əlavə, Modiqin müşahidələrinə görə, yaşlaşdıqca daha uzun müddət yaşamaq istəyi zəifləyir. Bir çox yaşlı insanlar mümkün qədər uzun, lakin heç də həmişə yüksəkkeyfiyyətli həyat üçün səy göstərməkdənsə, indiki vaxtdan həzz almağa üstünlük verərdilər.