32 C
Baku
Monday, July 21, 2025

Banklarda “Problemli kreditlər” dən çıxış yolu

Son illər bankların kredit portfelində qeyri-işlək aktivlərin say və məbləğ üzrə artımı nəzərə çarpır.  Problemli kreditlər kimi tanınan qeyri-işlək aktivlər bankların normal fəaliyyətinə mane olmaqla yanaşı, maliyyə axınlarının zəifləməsinə, ehtiyyatların artırılmasına və əlavə borclanmaya da səbəb ola bilir. Bu növ aktivlərin yaranma səbəblərinə bank və müştəri istiqamətləri üzrə yanaşma daha uyğun hesab edilə bilər. Banklar tərəfindən qeyri-işlək aktivlərin yaranması amillərinə  kredit siyasətinin düzgün aparılmaması, bazarda mövcud olan risklərin nəzərə alınmaması, əsaslandırılmamış risk iştahı, müştərinin iqtisadi cəhətdən düzgün qiymətləndirilməməsi və digər əlaqəli amilləri göstərmək olar. Müştəri tərəfdən isə bu amilləri obyektiv və subyektiv səbəblərə ayırmaq olar.

Obyektiv səbəblərə müştərinin gəlirlərinin sturkturunda dəyişikliklərin yaranması, nəzərdə tutulmayan xərclərin əmələ gəlməsi, ixtisara düşmə, iş yerinin bağlanması, əmək haqqının tam həcmdə və vaxtlı-vaxtında verilməməsi, biznesdə fasilə və s. bu kimi səbəbləri qeyd etmək olar.

Subyektiv səbəblərə isə şəxsin öz borc öhdəliklərinə məsuliyyətsiz yanaşması, digər şəxslər üçün borc öhdəliyi yaratması, qəsdən kredit tarixçəsinin korlanması, paralel borclanmaya meyilli olması və buna görə “ödəniş tıxacı” ilə üzləşməsi və s. səbəbləri göstərmək olar.

Problemli kreditlərin zərərləri. Banklar iri maliyyə institutu olmaqla yanaşı, ölkənin iqtisadi həyatında mühüm rol oynayan təsərrüfat subyekti və iri vergi ödəyiciləridir. Kommersiya banklarının əsas fəaliyyət istiqaməti bank məhsul və xidmətlərinin satışı və bu fəaliyyətdən gəlir əldə olunmasıdır. Banklar hüquqi və fiziki şəxslərdən depozitlər, digər qanuni mənbələrdən vəsaitlər cəlb edərək kreditlər, investisiya proqramları şəklində yerləşdirərək qazanc əldə edirlər. Banklar əldə etdikləri qazancdan bankın debitor və kreditorlar qarşısında olan öhdəliklərinin icra edilməsi, vergilər və digər məcburi dövlət ödənişlərinin həyata keçirilməsi, amortizasiya ayırmaları və s. üçün istifadə edirlər. Lakin, müştərilər tərəfindən kreditlər üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun olaraq vaxtında və tam həcmdə icra edilməməsi, gecikdirilməsi bankın debitor və kreditorlar qarşısında öhdəlikərini vaxtında icra etməsinə çətinliklər yaradır. Belə olduğu təqdirdə bankın likvidlik əmsalı aşağı düşür və bank öz öhdəliklərini icra etmək üçün yeni maliyyə mənbələri axtarışına çıxmaq məcburiyyəti ilə üz-üzə qalır. Bu isə öz növbəsində banklarda əlavə borclanmanın yaranmasına, pul axınlarının zəifləməsinə və nəticə etibarı ilə bankın bazara çıxardığı məhsul və xidmətlərinin qiymətinin artmasına səbəb ola bilir.

Kredit borcu üzrə öhdəliklərini gecikdirən müştərilərin kredit tarixçəsi mənfi statusa düşməklə yanaşı reytinq cədvəli üzrə aşağı reytinqli və riskli müştəri kateqoriyasına düşür. Bəzi hallarda kredit üzrə gecikmə günləri sayının çox olması məsələnin məhkəmə yolu ilə bitməsinə gətirib çıxarır.

Problemli kreditlərin həlli yolları

Problemli kredit yarandığı ilk günlərdən etibarən nəzarətə götürülməli, müvafiq qarşılayıcı tədbirlər icra edilməlidir. Banklar bu kreditlərə xüsusi yanaşma sistemi tətbiq etməli, sağlamlaşdırma istiqamətində əməli tədbirlər görməlidirlər. Problemin yaranma səbəbindən asılı olaraq daha iri məbləğdə borclanmanın qarşısını almaq üçün müştəri ilə konsensus əsaslı tədbirlər planı hazırlanmalı və icrası nəzarətdə saxlanılmalıdır. Kreditlər verilərkən sığorta məhsullarından isifadə edilməsi də bu məsələyə təsiredici  alət rolunu oynaya bilər. Hal-hazırda bank sahəsində ən geniş yayılmış sağlamlaşdırma metodlarından biri gecikmədə olan kreditin restrukturizasiya edilməsidir. Restrukturizasiya prosesi müştərinin ödəniş yükünün azaldılması yolu ilə nisbətən daha mülayim şərtlərlə və köhnə borcun bağlanılmasına yönəlmiş kreditin verilməsi üzrə işləri özündə ehtiva edir.

Mərkəzi bankın kreditlər üzrə gəlir mənbəyinə tələblər qoyması, BGN (borcun aylıq gəlirlərə nisbəti) əmsalının tətbiqi və bu sahədə icra etdiyi digər tədbirlər gələcək illərdə bankların kredit portfelində problemli kreditlərin payının azalmasına səbəb olacağına ümidləri artırır. Şəxslər kredit öhdəliyi götürərkən ilk növbədə bu öhdəliyin qaytarılma mənbələrini özlərində müəyyən etməli, zərurət olmadıqda kredit götürməkdən çəkinməli, “ödəniş tıxacı”ndan yayınmaq üçün paralel kreditlərin götürülməsinə yol verməməlidirlər. Baş verə biləcək risklərdən qorunmaq üçün sığorta məhsullarından istifadə edə bilərlər.

 

Bank məsələləri üzrə ekspert          Emin Kərimov

 

Son xəbərlər
Digər xəbərlər