Dövlət Gömrük Komitəsinin (DGK) Kollegiyası “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib.
Banker.azın APA-ya istinadən verdiyi məlumata görə, reqlament sabah qüvvəyə minir.
DGK tərəfindən göstərilən bu xidmət vasitəsilə şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdikləri mallar üçün bəyannamələri elektron formada tərtib edərək gömrük orqanlarına təqdim edirlər. Bəyannamədə və ona əlavə edilmiş sənədlərdə olan məlumatlar interaktiv qaydada yoxlanılır və nəticəsi barədə istifadəçiyə məlumat verilir. Bəyan edilən malların kateqoriyasından, malları keçirən şəxsdən və malların yerləşdirildiyi gömrük prosedurundan asılı olaraq onların ixracı, idxalı və ya tranzit daşınması üçün tələb olunan lisenziya, icazə sənədləri, sertifikatlar və digər sənədlər həmin sənədlərin verilməsinə məsul qurumlar tərəfindən gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə daxil edilir. Elektron xidmət bəyannamənin təqdim olunduğu iş günü ərzində həyata keçirilir. Elektron xidmətdən istifadə nəticəsində şəxslər ixrac və idxal etdikləri, habelə tranzit daşınan malların gömrük rəsmiləşdirirlməsini həyata keçirirlər və onlara rəsmiləşdirilmənin nəticəsi haqqında məlumat verilir. İstifadəçi gömrük orqanının vəzifəli şəxsinin elektron imzası ilə təsdiq edilmiş elektron bəyannaməni istənilən təşkilata, o cümlədən müvəkkil banklara təqdim edə bilər. Bu halda elektron sənəd kağız daçıyıcısında olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır. Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə məbləğ gömrük bəyannaməsinin qəbulundan imtina edilmədikdə ödənilir.
Şəxslər elektron xidmətin təqdim edildiyi internet ünvanına (http://dgk.gov.az/az/e-xidnew.html, http://www.e-gov.az) daxil olaraq (reqlamentin 2.4-cü bəndi) bəyannaməni doldurur, bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlər (elektron şəkildə və ya skan edilmiş surətlərini) gücləndirilmiş elektron imza ilə təsdiq etməklə real vaxt rejimində gömrük orqanına təqdim edirlər. Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və sistem tərəfindən ona bu barədə bildiriş göndərilir. Gömrük orqanı tərəfindən aparılan yoxlama zamanı texniki xarakterli səhvlər (gömrük qaydalarının pozulması və qaçaqmalçılıq faktları kimi səciyyələndirilməyən səhvlər) aşkar edildiyi halda bəyannamə səhvlərin aradan qaldırılması məqsədilə bəyannaməçiyə qaytarılır.Çatışmazlıq aşkar edilmədikdə, həmçinin bəyannamədə göstərilən məbləğ ödənildikdən sonra şəxslərə elektron xidmətin göstərilməsi ilə əlaqədar malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə məbləğin elektron qaydada ödənilməsi zəruriliyi barədə bildiriş göndərilir. Şəxslər tərəfindən məbləğin ödənilməsini təsdiq edən sənəd elektron qaydada təqdim edildikdən sonra müvafiq bəyannamə təsdiq edilir, malların buraxılması və ya qanunvericiliklə müəyyən olunmuş digər əməliyyatların (baxış, gömrük yoxlaması) həyata keçirilməsi haqqında qərar qəbul edilir və bu barədə bəyannaməçiyə bildiriş göndərilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət informasiya sistemi vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Xidmətin göstərilməsi üçün edilən elektron müraciətlərin uçotu və göstərilən xidmətin nəticəsinin qeydiyyatı aparılır. Elektron xidmətin göstərilməsinə nəzarət Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi tərəfindən həyata keçirilir.