Sahibkarlar qonşu ölkənin biznes mərkəzlərinə investisiya yatırmağı düşünür.
Dağıstanın Mahaçqala və Kaspiysk şəhərləri arasında Azərbaycandan olan investorlarla birgə böyük sement zavodu və ticarət-logistika mərkəzi inşa olunacaq. Məlumatı Dağıstan prezidenti Ramazan Abdulatipov rəsmi “İntsagram” səhifəsində paylaşıb.
İqtisadi inkişaf naziri Şahin Mustafayev və azərbaycanlı sahibkarlar prezident Ramazan Abdulatipov ilə biznes mərkəzində görüşüb. Görüş zamanı Dağıstandakı iqtisadi inkişafın perspektivləri, müxtəlif sahələrə investisiyaların cəlb olunması müzakirə olunub. Sonda Mahaçqala və Kaspiysk şəhərləri arasında Azərbaycandan olan investorlarla birgə iri sement zavodu və ticarət-logistika mərkəzi inşa olunacağı qərarı verilib.
Dağıstanın Mahaçqala və Kaspiysk şəhərləri arasında ticarət-logistika mərkəzi 30 hektar ərazini əhatə edəcək. İkinci böyük layihə isə “Dağıstan Sement Kombinatı”nın inşasıdır. Müəssisə ildə 1,8 milyon ton sement istehsal etmək qabiliyyətinə sahib olacaq.