28 C
Baku
Wednesday, September 10, 2025

Dəmir yollarının yükdaşınmadan gəlirləri düşüb – İşçi sayında azalma var

Azərbaycanda dəmir yolları ilə yükdaşımalardan gəlir həcmi illik müqayisədə 10 faizə yaxın azalıb.

Banker.az xəbər verir ki, yükdaşınma ilə 2025-ci ilin ilk yarısında 192.62 mln. manat gəlir əldə edilib. Bu ötən ilin eyni dövründə 213.25 mln. manat idi.

Dəmir yolu operatorlarının gəlirlərində 51.7 milyon manatı idxalın, 39.9 mln. manatı ixracın və 74.7 mln. manatı isə tranzit yüklərin payına düşüb.

Gəlirlərin azalması yükdaşınmaların həcminin illik müqayisədə 9.4 faiz azalaraq 8 milyon 442.2 min tona düşməsidir. Keçən ilin analoji dövründə dəmir yolu ilə 9 milyon 316.7 min tonluq yük daşınmışdı. Yükdaşınmanın  2 milyon 465.9 min tonu idxal (9.8 faiz artım)  olunan, 1 milyon 395.5 min tonu (6.5% azalma) ixrac olunan və 3 milyon 267.2 min tonu (12.9 faiz azalma) isə tranzit yüklərin payına düşür.

Sərnişin daşınmasından gəlirlər isə son bir ildə 56.7 faiz artımla 7.83 mln. manata yüksəlib.

Qeyd edək ki, Azərbaycanda dəmir yolları nəqliyyatının yeganə operatoru dövlət şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-dir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda ümumilikdə dəmir yollarında çalışan işçilərin sayı 3 885 nəfərdən 3 532 nəfərə düşsə də, orta əməkhaqları  son bir ildə 1 402.4 manatdan 1 555.7 manata qalxıb.

Son xəbərlər
Digər xəbərlər