Çin, Rusiya və Braziliya dünya iqtisadiyyatının inkişafının yavaşlamasının nəticələrini yumşaltmaq məqsədilə Amerikanın dövlət istiqrazlarını satırlar. Mart ayında bu ölkələrin hər biri 1 milyard dollardan çox dəyərə malik olan xəzinə istiqrazlarından azad oldular. Ümumilikdə isə Mərkəzi banklar mart ayı ərzində ABŞ xəzinədarlığının 17 milyard dollar dəyərində olan istiqrazlarını satmışlar.
Bu ilin ilk ayında isə Amerika dövlət borcunun əsas sahib bankları 57 milyard dollar dəyərində istiqrazların satışını gerçəkləşdirmişlər. Cari ilin ilk rübündə 123 milyard dollar dəyərində Amerika istiqrazları satılmışdır.
ABŞ maliyyə nazirliyinin hesabatı bu məlumatı özündə əks etdirərək bildirir ki, Mərkəzi banklar 1978-ci ildən etibarən belə sürətli templərlə istiqraz satmamışlar. Bununla belə, hesabat müəllifləri bu sürətli satış templərinin səbəbini izah etməmişlər. Əksər ekspertlər isə belə hesab edir ki, buna əsas səbəb dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı yaşanan narahatlıqdır.
Bu narahatlığı yaradan səbəb isə neft qiymətlərinin cari ilin əvvəlindən başlayaraq rekord həcmdə enməsidir. Mərkəzi banklar öz valyutalarını möhkəmləndirmək məqsədilə Amerika istiqrazlarını satırlar. Onlardan bir hissəsi keçən il dollarla münasibətdə güclü şəkildə dəyərsizləşmişdi. Mərkəzi banklar bu istiqrazların satışından əldə edilən gəlirlə həddindən artıq güclü devalvasiyanın qarşısını almaq məqsədilə yerli valyuta ala bilərlər.