3 C
Baku
Wednesday, February 12, 2025

İxrac markalaşma tələb etdiyi kimi, markalaşma da ixrac tələb edir!

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Azərbaycanda yerli istehsalçıların problemlərindən və ya elə lap dərdlərindən biri daxili bazarda yerli istehsala güvənin olmaması və import mallarının yerli istehsaldan üstün tutulmasıdır. Bu qənaət o qədər güclüdür ki, istehlakçılarla bərabər istehsalçıların və satışda rol oynayan insanların özlərində də bu fikri formalaşdırmışdır.

Mən şəxsən formalaşan bu rəyi, mühakimələri aradan qaldırmaq yolunda yerli istehsalçıları fəaliyyətsiz və ya fəaliyyətlərində olduqca yetərsiz görürəm. Bir malın imicinin formalaşması və markalaşması müxtəlif proses və fəaliyyətlərin məcmusundan ibarətdir. Markalaşmaya gedən yolda keyfiyyət ən önəmli amildir.Bəs keyfiyyət özünü necə sübut etməlidir?

Hər şeydən əvvəl nəzərə alaq ki keyfiyyət nisbi xarakter daşıyır. Yəni keyfiyyət rəqabət analizində yer alan ən mühüm amildir və buna görə bir şirkət mallarının keyfiyyəti bir və ya bir neçə digər şirkətlərin mallarına görə nisbi olaraq keyfiyyətli, bəzilərinə görə isə nisbi olaraq keyfiyyətsiz olmaqdadır. Bununla bərabər bir malın keyfiyyəti, istehsal olunduğu coğrafi məkan və bu coğrafi məkanın eyni adlı malda ənənəvi keyfiyyət üstünlüyünün olması ilə sıx bağlıdır. Məsələn, Çex büllur qabları, Alman maşınları, Yaponiya elektronika əşyaları, İtalyan mebelləri, Fransa şərabı, Hollandiya pendiri və s. və s. Bu mallar ənənəvi keyfiyyət üstünlüyünə görə artıq ölkə adları ilə birgə simvollaşmışdır.

Amma bu o demək deyil ki, digər ölkələr eyni adlı mallarda yüksək keyfiyyət əldə edə bilməz və tanına bilməz. Burada iş şirkətlərə düşür! Əgər hər hansı bir şirkət keyfiyyətli olmasına rəğmən öz malıyla daxili bazarda imic qazana bilmirsə, bu şirkətlərə ən yaxşı məsləhət xarici bazarlara çıxmasıdır. Demirlər ki keyfiyyətimiz import mallarından daha geri qalmır və ya hətta analoq import mallardan üstündür. Onda öz keyfiyyətlərini rəqabətin daha çox olduğu müxtəlif xarici bazarlarda sübut etməlidirlər. Hətta bu bazarlar içində inkişaf etmiş ölkələr və ümumi yaşayış səviyyəsi ölkəmizdən yüksək olan ölkələr yer almalı və ixrac ölkə say etibarilə az olmamalıdır. Qısaca şirkətlər ölkə əsaslı bazar çeşidlənməsinə (country based market differentiation) getməlidirlər. Bunu bacardıqları və sübut etdikləri təqdirdə daxili bazarda imic formalaşdırmaq və istehlakçıların rəğbətini qazanmaq çətin olmayacaqdır.

Şirkətlərin xarici bazarlarda böyük rəqabət içinə girmələri onların öz mallarında keyfiyyətcə təkmilləşməyə getməsini sürətləndirəcək və sözün əsil mənasında keyfiyyət standartı qazandıracaqdır!

Bir məhsul üçün bazar çeşidləndirilməsi bu məhsula keyfiyyət standartı və ad –marka qazandırır!

İxrac markalaşma tələb etdiyi kimi, markalaşma da ixrac tələb edir!

İxrac daxili bazarda imic qazanmaq üçün çox effektli bir vasitədir!

Qaldı ki, daxili bazarda markalaşmada və imic formalaşdırmaqda çətinlik çəkən şirkətlər söylədiyimiz bu yolda əlindəki və / və ya istifadə edə biləcəkləri qaynaqlardan necə istifadə edir və ya etməlidir? Bu ayrı bir yazı mövzusudur…

Son xəbərlər
Digər xəbərlər