Azərbaycanda hüquqi sənədlərin və qanunvericilik bazasının daha səmərəli axtarışı üçün hazırlanan “E-qanun.ai” platformasının təqdimatı keçirilib.
Banker.az-ın verdiyi məlumata əsasən, yeni sistem istifadəçilərə qanunları sürətli analiz etmək, dəqiq nəticələr əldə etmək və onları anlaşılan formada xülasə şəklində görmək imkanı yaradır. Platforma həmçinin axtarış nəticələrinin filtrlənməsi, şəxsi hesabda saxlanılması və əvvəlki sorğulara çıxış kimi funksiyaları da dəstəkləyir.
“E-qanun.ai” hüquqşünasların və bu sahədə çalışan mütəxəssislərin işini asanlaşdırmaqla yanaşı, qanunların cəmiyyət üçün daha əlçatan və başa düşülən olmasını hədəfləyir.
Sistemin bazasında normativ və qeyri-normativ hüquqi aktlar, eləcə də rəsmi mətnlər toplanıb. Süni intellekt dəstəkli platforma istifadəçilərə mətn, məna və hibrid formada axtarış aparmaq, nəticələrin qısa təhlilini əldə etmək imkanı verir.
Növbəti mərhələdə xidmətin daha da təkmilləşdirilməsi və hüquq sahəsində fəaliyyət göstərənlər üçün əlavə funksiyaların istifadəyə verilməsi nəzərdə tutulur.