24 C
Baku
Friday, September 26, 2025

“Financial Times”: ABŞ-nin Afrika ilə ticarət müqaviləsini yeniləməməsi qitənin ixracatçılarına zərər verəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası gələn həftə müddəti başa çatan Afrikanın İnkişafı və İmkanlarının Genişləndirilməsi Aktını (AGOA) uzatmamaq qərarı verə bilər. Bu isə qitənin emal sənayesinin bir sıra sahələri üçün “dağıdıcı nəticələrə” səbəb olacaq, “Financial Times” yazır.

2000-ci ildən qüvvədə olan saziş ABŞ bazarına 32 Afrika ölkəsi üçün rüsumdan azad çıxış imkanı verir və tekstil, ayaqqabı və dəri məmulatları kimi sahələrin inkişafına imkan yaradır. Beynəlxalq Ticarət Mərkəzinin məlumatına görə, AGOA-nın qüvvədən düşməsi ABŞ-nin tarifləri ilə birlikdə bu ölkələrin ixracını 2029-cu ilə qədər 8.7% azalda bilər. Xüsusilə Lesoto və Madaqaskar zərər görəcək: Lesotodan geyim ixracı 29%, CAR-dan (Cənubi Afrika Respublikası) avtomobil ixracı isə 23% azala bilər.

Qlobal təsir minimal olsa da, ayrı-ayrı ölkələr üçün nəticələr fəlakətli ola bilər. Lesoto artıq kütləvi ixtisarlar barədə xəbərdarlıq edib. Üstəlik, AGOA-nın uzadılmaması Afrikanı Vaşinqtonla dialoq üçün mühüm platformadan məhrum edəcək.

Analitiklər hesab edirlər ki, Trampın qərarı Çinin xeyrinə işləyə bilər. Belə ki, Çin əksinə, 53 Afrika ölkəsi üçün rüsumdan azad çıxışı genişləndirdiyini elan edib. Ekspertlərin fikrincə, AGOA-nın ləğvi ABŞ-nin Afrika strategiyasında qitəyə verdiyi aşağı prioriteti və Vaşinqtonun iqtisadi təsirini gücləndirmək imkanını itirdiyini göstərir.

Son xəbərlər
Digər xəbərlər