“Nobel Energy” şirkəti Azərbaycandakı günəş elektrik stansiyalarında (GES) reaktiv kompensasiya, sinxronizasiya və çevik reaksiya üçün müasir həllər tətbiq etməyi planlaşdırır.
Bunu “Nobel Energy” şirkətinin bərpa olunan enerji layihələri üzrə direktoru Can Aslan Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün şirkətin səmərəli sistemləri var, lakin onların yeni layihələrdə istifadəsi hərtərəfli uyğunlaşma tələb edir:
“Bütün elementlər – invertorlar, kabellər, trekerlər, panellər bir-biri ilə uzlaşdırılmalıdır. Yeni texnologiya səviyyəsinə keçid zamanı təkcə maliyyə maneələri deyil, həm də adaptasiya maneələri yaranır”, – o qeyd edib.
C. Aslan vurğulayıb ki, bərpa olunan enerji sahəsində texnologiyalar daha yüksək səmərəlilik və xərclərin azaldılması istiqamətində inkişaf edir. Lakin eyni zamanda yeni çağırışlar yaranır – bu, xüsusilə bərpa olunan enerji mənbələrinin payının artması səbəbindən enerji şəbəkələrinə düşən yükün artmasıdır.
“Hazırda biz enerji saxlama sistemlərinə diqqət yetiririk. Bu, Avropadakı layihələr üçün məcburi şərt olub: şəbəkəyə qoşularkən operator (TSO) disbalansın kompensasiyası üçün saxlama qurğularının mütləq şəkildə istifadəsini tələb edir. Azərbaycan da bu yanaşmaya keçib. Əgər əvvəllər belə tələblər yox idisə, artıq yeni layihələrdə nəzərdə tutulub”, – “Nobel Energy”nin nümayəndəsi bildirib.
Bundan başqa, o əlavə edib ki, “AzərEnerji” ASC enerjinin saxlanması üzrə böyük layihə həyata keçirib və bu da kömək edir: “Çünki söhbət təkcə şəbəkənin sabitliyindən deyil, həm də reaktiv kompensasiya, sinxronizasiya və çevik reaksiyadan gedir. Bu həlləri yaxın gələcəkdə tətbiq etmək niyyətindəyik”.