“AGA Group”a daxil olan faktorinq şirkəti “Ferrum Kapital” QSC 2024-cü ili 2,7 milyon manat xalis mənfəət əldə etməklə 2023-cü illə müqayisədə 19%-ə yaxın artırıb.
Banker.az xəbər verir ki, şirkətin gəlirləri 2023-cü illə müqayisədə təxminən 25%-ə yaxın artaraq 22,5 milyon manata çatıb.
Kredit zərərləri üçün ehtiyat xərci 2024-cü ildə 4,2 milyon manata yüksəlsə də, xalis faiz marjası 12,7 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 18%-lik artımı göstərir.
Digər əməliyyat xərcləri 2024-cü ildə 8,7 milyon manat olaraq 2023-cü ilin göstəricisindən 10%-dən çox artıb. Vergi öncəsi mənfəət 3,4 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 20%-dən çox yüksəlişi ifadə edir.
Şirkətin aktivləri 2024-cü ilin sonunda 75,6 milyon manata çataraq 2023-cü illə müqayisədə 28% artıb. Əsas aktivlər arasında müştərilərə verilmiş kreditlər və avanslar əsas paya sahibdir və bu göstərici təxminən 25%-dən çox artıb. Öhdəliklər 67,1 milyon manat təşkil edib, illik müqayisədə 27% artım göstərir. Kapital isə əsasən bölüşdürülməmiş mənfəətin artması sayəsində 8,5 milyon manata yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 44%-lik artımı əks etdirir.
Pul vəsaitlərinin hərəkətinə baxdıqda, əməliyyat fəaliyyətindən istifadə olunan xalis pul vəsaitləri mənfi 6,4 milyon manat təşkil edib, lakin ümumi illik artım nəticəsində şirkətin pul vəsaitləri 2024-cü ilin sonunda 3,8 milyon manata çatıb ki, bu da 2023-cü illə müqayisədə 19%-lik artımı göstərir.
Faktorinq şirkəti 2017-ci ildə “AGA Group”un sturukturunda təsis edilib. Şirkətin səhmlərinin 68%-i Qafar Dəmirçiyə məxsusdur.