6 C
Baku
Sunday, December 15, 2024

Qanunsuz tikilən obyektlər kupça ala biləcək

2012-ci ilin iyun ayının 29-na kimi icazəsiz tikilmiş obyektlərə 25 gün ərzində sənəd veriləcək.

Bu barədə açıqlamasında “Azcoll” kollektor şirkətinin rəhbəri Pərviz Məmmədov Azərbaycan prezidentinin bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanının detallarını izah edərkən deyib.

Onun sözlərinə görə, qeyri-yaşayış sahələrinin, məsələn mağaza, kiçik müəssisə və digər obyektlərin (bura yaşayış sahələri, mənzillər aid deyil – red.) sənədləşdirilməsində sadə qayda tətbiq ediləcək:

“Yəni, 25 gün ərzində bunların istismara qəbul prosesi yekunlaşacaq. Bundan sonra, həmin obyetlərin kupça alması mümkün olacaq”.

P. Məmmədov qeyd edib ki, bu, bütün qeyri-yaşayış sahələrinə şamil olunmayacaq:

“Belə ki, bu Fərman Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan qeyri-yaşayış obyektlərinə şamil olunur.

Həmin obyektlərə dövlət tərəfindən istismara qəbul aktının qəbul edilməsi rejimi tətbiq ediləcək. 20 gün ərzində FHN istismara hazırlıq barədə rəyi yekunlaşdıracaq. Digər 5 gün ərzində də yerli icra hakimiyyəti orqanı rəyi alınacaq.

Bütün bu proses isə cəmi 25 gün çəkəcək və bu müddət ərzində onlar istismara qəbul ediləcək. Yəni bu Fərmanla bir növ uzunmüddətli rejimdən qısamüddətli rejimə keçilib”.

P. Məmmədov onu da əlavə edib ki, əvvəllər bu proses aylar, hətta illər ilə çəkirdi:

“Bu Fərman yalnız qeyd etdiyim kimi kiçik obyektlərə şamil olunur, böyük obyektlərin kupçalaşdırılması isə əvvəlki qaydada qalır.

Belə ki, FHN qeyri-yaşayış obyektinin hər mərtəbəsini ayrıca yoxlayır, bundan sonra isə rayon İcra Hakimiyyəti onların istismara qəbulu haqqında rəy yazır”.

Qeyd edək ki, adıçəkilən Fərman dünən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Oxu.Az

Son xəbərlər
Digər xəbərlər