Sərnişindaşımada rəqabətin təmin olunması və qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində Gəncə şəhərində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.
Yeni şəbəkəyə daxil edilən 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutunun fəaliyyət göstərməsi müəyyən olunub. Sözügedən marşrutlarda ödənişlər isə “Citycard” vasitəsilə həyata keçiriləcək. Bu kartları bir neçə yolla əldə etmək mümkündür:
Kartları fiziki formada “Azərpoçt” MMC-nin xidmət məntəqələrindən almaq;
“Citycard Azerbaijan” mobil tətbiqini yükləmək və bir neçə saniyədə QR bilet yaradaraq gediş etmək.
Gəncə sakinləri “Citycard” kartlarının balansını, həmçinin, “eManat” və “MPAY” terminalları vasitəsilə asanlıqla artıra biləcəklər. Ödənişləri həyata keçirməyin bir sadə və asan yolu da mövcuddur. Belə ki, “MPAY” mobil tətbiqini yükləyərək, tətbiqdəki müvafiq bölmədən ödəniş etmək əlçatan olacaq.
Bu üsullar istifadəçilər üçün rahat, sürətli və ən əsası, təhlükəsizdir.
Yeni sistemin tətbiqi Gəncə şəhərində ictimai nəqliyyatın müasir standartlara uyğunlaşdırılmasına, həmçinin sərnişinlərin gündəlik həyatında rahatlığın və əlverişliliyin təmin olunmasına xidmət edir.