19 C
Baku
Wednesday, October 1, 2025

İsrailin səhmlər bazarı Qəzzada müharibənin başa çatması gözləntiləri fonunda rekorda çatıb

Təl-Əviv Fond Birjasının 35 ən iri İsrail emitentinin qiymətli kağızlarının dinamikasını izləyən “TA-35” indeksi tarixi maksimuma çatıb. Dünən Bakı vaxtı ilə saat 17:29-da bençmark 2.4% artaraq 3188.33 bəndə yüksəlib. Üçüncü rübün əvvəlindən etibarən artım 7.7% təşkil edib.

“Bloomberg” yazır ki, sentyabrın 30-u, çərşənbə axşamı indeksə daxil olan səhmlərin dörddə üçü bahalaşıb, ticarət həcmi isə 100 günlük orta göstəricini 47% üstələyib. Artım liderləri arasında əczaçılıq şirkəti “Teva Pharmaceutical Industries”, sığorta şirkəti “Phoenix Financial Ltd.” və “Bank Hapoalim” olub.

Agentlik qeyd edir ki, İsrail səhmləri ardıcıl beşinci rübdür ki, artım göstərir. Bu isə investorların Qəzza sektorundakı müharibənin tezliklə başa çatacağına dair gözləntiləri ilə bağlıdır. ABŞ prezidenti Donald Trampın İsrail ilə HƏMAS arasında müharibənin dayandırılması planını açıqlamasından və bu planın İsrailin Baş naziri Benyamin Netanyahunun razılığı ilə qəbul edilməsindən sonra bazarda ümidlər daha da artıb.

Apreldən bəri investorlar İsrail səhmlərinə daha çox sərmayə yatırırlar. Bunun səbəbi zəif dollar və ABŞ siyasətinə dair qeyri-müəyyənliyin aktivlərin idarəçilərini qlobal yatırımlarını, o cümlədən inkişaf etməkdə olan bazarların səhmlərini diversifikasiya etməyə məcbur etməsidir. Ümumilikdə ilin əvvəlindən İsrail səhmlərinin indeksi dollar ifadəsində 46% yüksəlib. Bu, “Bloomberg” tərəfindən izlənilən 90-dan çox milli indeks arasında 11-ci ən yaxşı göstəricidir.

“Müharibənin sona çatmasına gətirib çıxara biləcək hər bir addım İsrail aktivlərinin qiymətlərinə müsbət təsir göstərəcək”, – deyə inkişaf etməkdə olan bazarların səhmləri və geosiyasi strategiyaya cavabdeh olan “Tellimer” şirkətindən Hasnain Malik bildirib. O əlavə edib: “Bu sülh planının əsas sualları ondan ibarətdir ki, HƏMAS faktiki olaraq təslimiyyət ultimatumunu qəbul edəcəkmi və Netanyahunun koalisiyasındakı ultraortodoks partiyalar bunu iki dövlətin yaradılması barədə qərara aparan ilk addımlar kimi şərh edəcəklərmi”.

Son xəbərlər
Digər xəbərlər