19 C
Baku
Wednesday, October 1, 2025

AİB: Azərbaycanda özəl sektorla əməkdaşlığı artırmaq istəyirik

Asiya İnkişaf Bankı (AİB) ildə təqribən 8 milyard dollarlıq özəl sektor investisiyası həyata keçirir və biz bunu artırmaq niyyətindəyik.

Bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) üçüncü günündə panel müzakirəsi zamanı Asiya İnkişaf Bankının Azərbaycan və Türkmənistan üzrə əməliyyatlar rəhbəri Marina Rose Best deyib.

O, Azərbaycanda bu istiqamətdə konkret nümunələrin olduğunu qeyd edib:

“2023-cü ildə “Veysəloğlu” şirkətinə 10 milyon dollarlıq kredit ayırdıq. Bu, məhsulların dəyər zənciri üzrə bazara çatdırılması üçündür. Burada iqlim komponenti də var idi – şirkət ərzaq daşınmasında elektriklə işləyən soyuduculu yük maşınları aldı. Hətta avtomobillərdə məhsullar müxtəlif temperatur rejimlərində saxlanılır: dondurma bir bölmədə, alma başqa bölmədə. Bu, logistikanın səmərəliliyini artırdı. Layihəyə əlavə olaraq 500 min dollarlıq texniki yardım qrantı da verdik ki, fermerlər bu dəyər zəncirinə qoşula bilsin. 2021-ci ildə “Məktəbəqədər Subika” üçün 20 milyon dollarlıq kredit təsdiqlədik. Bu, kiçik fermerlər üçün mikrofinans xidmətlərini gücləndirməyə yönəlmişdi. Elə həmin il 5,9 milyon dollarlıq kredit “Avrora” şirkətinə ayrıldı. Burada da kənd təsərrüfatı məhsullarının logistika və bazara çıxış zənciri dəstəklənmişdi”.

“Bütün bunlar göstərir ki, özəl sektorla əməkdaşlıq kənd təsərrüfatının dəstəklənməsi üçün çox vacibdir. Biz bu sahədə Azərbaycanda iştirakımızı daha da artırmaq istəyirik. Özəl sektorla işləməyə tam açığıq və tərəfdaşlığa hazırıq”, – deyə AİB rəsmisi əlavə edib.

Son xəbərlər
Digər xəbərlər