Azərbaycanda 2018-ci ildən etibarən şəhərlərin kompleks baş plan əsasında inkişafına başlanılıb. Hazırda 79 şəhər və qəsəbədən 65-i üzrə baş planlar artıq təsdiqlənib, 10-da isə təsdiqlənmə mərhələsindədir.
Bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Dünya İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Bakı Baş Planı – 2040” layihəsi bu yanaşmanın əsas nümunəsidir və polisentrlik, effektiv zonalaşma, mədəni və memarlıq irsinin qorunması, ekoloji prinsiplərə əsaslanan torpaq istifadəsini əhatə edir. Hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa işləri həyata keçirir. Bu ərazilər sıfır emissiyalı zonalar kimi müəyyən olunub. Şəhərsalma prosesində dayanıqlılıq prinsipləri əsas götürülür ki, burada yaradılan mühit sağlam və davamlı olsun. Artıq həmin bölgələrdə 12 şəhərin baş planı hazırlanır, onlardan 8-i tamamlanıb. Həmçinin 19 kənd və qəsəbə planlaşdırılıb. Böyük potensiala malik bərpaolunan enerji resursları əsasında bölgə “Yaşıl Enerji Zonası” elan olunub”.
Son dörd ildə istifadəyə verilmiş 38 su elektrik stansiyası nəticəsində 620 min ton karbon emissiyasının azaldıldığını deyən komitə sədri Günəş və digər yaşıl enerji layihələrinin hazırda da həyata keçirildiyini əlavə edib: “Bu proses sadəcə bərpa deyil, bütöv bir regionun müasir şəhərsalma və ekoloji prinsiplərlə yenidən qurulmasıdır”.