Prezident İlham Əliyev “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sənədlə Nazirlər Kabinetinə (NK) Gömrük Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
Bundan başqa, NK-ya bu fərmanla təsdiq edilmiş qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastrukturun yaradılması üçün maliyyələşməni təmin etmək və digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Dövlət Gömrük Komitəsinə bu fərmanla təsdiq edilmiş qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar iki ay müddətində müvafiq infrastrukturun yaradılması üçün tədbirlər görmək tapşırılıb.
Bu fərmanla təsdiq edilmiş qaydalar 2016-cı il avqustun 1-dən qüvvəyə minir.
Report