14 C
Baku
Saturday, October 4, 2025

İsveçrə Mərkəzi Bankı dollardan imtina edərək avroya üstünlük verir

İsveçrə Milli Bankı (İMB) valyuta siyasətində tarixi dönüş edib – uzun illərdən sonra ilk dəfə franka təsir etmək üçün ABŞ dolları əvəzinə avro almağa başlayıb.

Bu qərar Tramp administrasiyasının ticarət müharibələrində və valyuta manipulyasiyasında ittiham olunmaq qorxusunun birbaşa nəticəsidir. Bu hadisə dolların dominantlığı üzərində qurulmuş bütün qlobal maliyyə sistemi üçün narahatedici siqnal ola bilər.

Tarixi dönüş: rəqəmlər danışır

İMB onilliklərdir həddindən artıq güclü frank və deflyasiya riski ilə mübarizə aparır, mütəmadi olaraq valyuta intervensiyaları həyata keçirir. Lakin bu həftə dərc olunmuş hesabat strategiyanın köklü dəyişdiyini göstərdi.

İkinci rübdə frankın yeni mərhələdə möhkəmlənməsi fonunda İMB 5,06 milyard frank (6,36 milyard dollar) dəyərində xarici valyuta alıb — bu, son üç ildəki ən iri rüblük intervensiyadır. Amma ən önəmlisi odur ki, görünür, bütün vəsait avro alışına yönəldilib.

Nəticədə İsveçrənin ehtiyat aktivlərində avronun payı 2020-ci ildən bəri ilk dəfə dolları ötərək 39%-ə çatıb, ABŞ valyutasının payı isə 37% təşkil edib.

Manipulyasiya qorxusu: ABŞ ilə ticarət müharibəsi hər şeyi dəyişdi

Belə dönüşün səbəbi iqtisadi deyil, siyasi xarakter daşıyır. ABŞ ilə gərgin ticarət danışıqları fonunda, Vaşinqtonun avqustda İsveçrə mallarına 39%-lik gömrük rüsumu tətbiq etdiyi bir vaxtda İMB dollar almaqdan çəkinir. Belə hər hansı intervensiya Tramp administrasiyası tərəfindən “ticarət üstünlüyü əldə etmək məqsədilə valyuta manipulyasiyası” kimi qiymətləndirilə və yeni sanksiyalara gətirib çıxara bilər.

Məsələnin nə qədər həssas olduğunu bu həftə İMB və ABŞ Xəzinədarlığının yaydığı təcili birgə bəyanat da göstərir: tərəflər “rəqabət üstünlüyü əldə etmək üçün məzənnələrdən istifadə etmədiklərini” təsdiqləyiblər.

Bir çox analitiklərin fikrincə, Donald Trampın siyasətinin məqsədlərindən biri də, onun həddən artıq yüksək hesab etdiyi dolları zəiflətməkdir. “Societe Generale”nin strateqi Olivye Korberin sözlərinə görə, bu o deməkdir ki, İMB-nin gələcək intervensiyaları, böyük ehtimalla, avro üzərində cəmlənəcək, dollar/frank məzənnəsi isə bazarın ixtiyarına buraxılacaq.

Situasiyanı daha da çətinləşdirən məqam Trampın İsveçrənin əsas ixrac məhsulu olan dərman vasitələrinə 100%-lik gömrük rüsumları tətbiq etmək təhdididir. Belə şəraitdə İsveçrənin dollarla aktiv intervensiyalar apararaq Vaşinqtonu qıcıqlandırmaq istəməsi real görünmür.

Niyə bu bütün dünya üçün vacibdir?

İsveçrə nümunəsi ABŞ-nin proteksionist siyasətinin digər ölkələrin mərkəzi banklarını dollardan asılılıqlarını yenidən nəzərdən keçirməyə vadar edə biləcəyini göstərən ilk narahatedici siqnaldır. Bu isə qlobal maliyyə sabitliyi üçün böyük əhəmiyyət daşıyır.

BVF-nin məlumatına görə, dünya üzrə mərkəzi bankların ehtiyatlarında təxminən 13 trilyon dollar saxlanılır və onların 56%-i hələ də dollardadır.

Bundan başqa, İMB ehtiyatlarının bir hissəsini müxtəlif aktivlərdə saxlayır, o cümlədən 25%-i səhmlərdədir və onların böyük qismi ABŞ texnoloji nəhənglərinə aiddir. Dolların payının azalması və avronun artması bu aktivlərin bölgüsünə də təsir edəcək. ABŞ səhmləri və istiqrazlarının satılması və onların Avropa aktivləri ilə əvəzlənməsi dünya bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər