23 C
Baku
Monday, October 6, 2025

OPEC+ qrupunun son qərarı neftin əhəmiyyətli artımına səbəb olub

OPEC+ təşkilatının gözləniləndən daha az aylıq hasilat artımı barədə qərarı, təklifin artımı ilə bağlı bəzi narahatlıqları yumşalması səbəbindən neftin qiyməti həftənin ilk iş gününə 1.4 faiz bahalaşma ilə başlayıb. Bununla belə, analitiklər yaxın dövrdə neftin qiymət artımının zəif tələbat proqnozu səbəbindən məhdud qalacağını gözləyirlər.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri 91 sent və ya 1.4% artaraq bir barel üçün 65.44 dollara, ABŞ-ın WTI markalı nefti isə 89 sent və ya 1,5% artaraq 61,77 dollara yüksəlib.

Bazar günü Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın da daxil olduğu tərəfdaş ölkələr noyabr ayından hasilatı gündəlik 137 min barel artırmaq barədə qərar qəbul edib. Bu, oktyabrda olduğu kimi eyni səviyyədə mülayim aylıq artımdır və bazarda mümkün təklif bolluğu ilə bağlı davam edən narahatlıqlar fonunda verilib.

Görüş ərəfəsində mənbələr bildirmişdilər ki, Rusiya qiymətlərə təzyiq göstərməmək üçün hasilatın gündə 137 min barel artırılmasını müdafiə edirdi, halbuki Səudiyyə Ərəbistanı bazar payını daha tez bərpa etmək üçün bu rəqəmin iki, üç, hətta dörd dəfə artırılmasını üstün tuturdu.

Analitiklərə görə, OPEC+ tərəfindən hasilatın noyabrda əlavə 137 min barel artırılması ABŞ və Avropa tərəfindən Rusiyaya və İrana qarşı sərtləşən sanksiyalar səbəbindən yaranan təchizat pozuntularını nəzərə alsaq, idarəolunan bir həcmdir.

Eyni zamanda Ukrayna Rusiya enerji obyektlərinə hücumlarını intensivləşdirməkdə davam edir və bu dəfə Rusiyanın ən iri zavodlarından biri olan, illik emal gücü 20 milyon tondan çox olan Kirişi Neft Emalı Zavodunu hədəf alıb.

Ötən həftə Böyük Yeddilər Qrupunun (G7) maliyyə nazirləri Rusiyanın Ukraynaya təcavüzü nəticəsində Moskvanın gəlirlərini azaltmaq məqsədilə Rusiyadan neft alışlarını artıran və sanksiyalardan yan keçməyə yardım edən tərəfləri hədəf almaqla təzyiqi gücləndirəcəklərini bəyan ediblər.

Lakin analitiklər dördüncü rübdə zəif tələbatın qiymətlərin yaxın dövrdəki artımını məhdudlaşdıracağını proqnozlaşdırırlar.

“Yeni yüksəlişə təkan verə biləcək amillərin olmaması və tələbatla bağlı qeyri-müəyyənliyin artması fonunda, OPEC+ təşkilatının gözləniləndən kiçik hasilat artımına baxmayaraq, neft qiymətləri yəqin ki, məhdud qalacaq”, – “Phillip Nova” şirkətinin analitiki Priyanka Saçdeva bildirib.

Qlobal səviyyədə bu aydan başlayacaq neft emalı zavodlarının texniki baxım mövsümü də tələbi azalda bilər.

 

Son xəbərlər
Digər xəbərlər