23 C
Baku
Monday, October 6, 2025

“Bloomberg”: Çin ABŞ-yə $1 trilyon sərmayə qoymağı təklif edib

Çin Xalq Respublikası ABŞ prezidenti Donald Trampın administrasiyası ilə Çin tərəfinin ABŞ-də həyata keçirdiyi sövdələşmələrə qoyulan məh­dudiyyətlərin ləğvi barədə danışıqlar aparır. Bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat verib.

Mənbələrin məlumatına görə, Pekin ticarət danışıqları çərçivəsində ABŞ iqtisadiyyatına 1 trilyon dollarlıq investisiya təklif edib. Bildirilir ki, Çin tərəfi həmçinin ABŞ-də fəaliyyət göstərən Çin müəssisələrinin istifadə etdiyi resursların idxalına tətbiq olunan rüsumların azaldılmasını istəyir.

“Bloomberg” vurğulayır ki, potensial Çin investisiyalarının həcmi hələ müzakirə mərhələsindədir.

2 aprel tarixində ABŞ prezidenti Donald Tramp 185 ölkə və əraziyə qarşı gömrük rüsumları tətbiq etdiyini elan edib. Eyni zamanda Tramp Çin məhsullarına tətbiq olunan tarifləri 125%-ə qaldırıb. Bundan əvvəl Kanada, Çin və Meksika hökumətlərinin fentanil qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər səy göstərmədiyi əsas gətirilərək 20%-lik əlavə rüsum tətbiq olunmuşdu. Beləliklə, Çin mallarına ümumi gömrük rüsumu 145% təşkil edib.

10–11 may tarixlərində Cenevrədə ABŞ və Çin nümayəndələri arasında keçirilən danışıqların nəticəsində qarşılıqlı şəkildə 90 gün müddətinə (12 maydan etibarən) Çindən ABŞ-yə idxal olunan mallar üçün rüsumların 115%-dən 30%-ə, ABŞ-dan Çinə idxal olunan mallar üçün isə 10%-ə endirildiyi elan olunub. Bu müddət 12 avqustda başa çatıb, lakin Tramp Çin mallarına qarşı artırılmış rüsumların tətbiqini daha 90 gün təxirə salan fərmanı imzaladığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər