“The Daily Telegraph” qəzetinin tanınmış neft yazarı Ambrose Evans-Pritchard-ın fikrincə, ucuzlaşmaq təhlükəsi neftin başından hələlik nəinki sovuşmayıb, o hətta bir barreli 25 dollar həddinədək düşə bilər.
Müəllif bu qənaətdədir ki, buna səbəb hazırda Səudiyyə Ərəbistanının düşdüyü vəziyyətdir.
Məqalədə deyilir ki, kapitalın ölkədən axmaqda davam etməsi ölkədə pul tükənməsinə doğru davam edir.
“The Telegraph” yazır ki, bununla əlaqədar Səudiyyə bankları misilsiz təzyiq altındadır.
Üç aylıq təklif olunan banklararası faiz qəflətən kəlləçarxa çatıb. Bu vəziyyəti yalnız 2008-ci ildə baş vermiş Lehman böhranı ilə müqayisə etmək olar.
Səudiyyə hökumətinin podratçıların pulunu alıcılıq qabiliyyəti olan borc öhdəlikləri kağızları ilə ödəməyə məcbur olması vəziyyətin nə dərəcədə kəskinləşdiyini göstərir. Ölkənin ən iri şirkətlərindən biri olan Bin Laden qrupu 50 min işçisini ixtisar edib.
Səudiyyə rialından xilas olmaq
Societe Generale bankının ekspertləri müştərilərinə Səudiyyə rialından yaxa qurtarmağı məsləhət görüblər, çünki onlar milli valyutanın dollar sancağından çıxarılacağını, yəni devalvasiyanı qaçılmaz hesab edirlər.
Bank of America-dan Francisco Blanch “The Telegraph” qəzetinə deyib ki, rialın dollar sancağından açılması bu ilin “qara hadisələrindən” biri olacaq və baş verərsə, neftin bir barreli üçün qiymətin 25 dollar olacağı realdır.
Bundan başqa, Səudiyyə Ərəbistanı bond satışları və sindikat tipli kreditlərə keçməsinə baxmayaraq, büdcənin yırtıqlarını yamamaq üçün ayda 10 milyrad dollar xərcləyir.
“The Telegraph” yazır ki, doğrudur, Səudiyyənin 582 milyard dollarlıq ehtiyat fondu kifayət qədər nəhəngdir, lakin ehtiyatın tükənməkdə davam etməsi kredit-pul siyasətini məhdudlaşdırır.
Bank ehtiyatları, eləcə də pul kütləsi azalır, daxili bondlar ölkəni xilas edə bilmir və indi Riyad qlobal bond satışı planlaşdırır.
Qiymətlər qalxdığı sürətlə də düşə bilər
“The Telegraph” yazır ki, neft qiymətləri fevralın ortalarından 80 faiz qalxaraq bir barrel üçün 50 dollara çatsa da, bu, Səudiyyənin düşdüyü maliyyə sıxıntısını azaltmayıb.
ABŞ Federal Ehtiyatlarının sərt ritorikası dolları qiymətini yüksəltməkdə davam edir
Məqalədə deyilir ki, neft qiymətlərinin artımı hələ də kövrəkdir və ABŞ Federal Ehtiyatlarının sərt ritorikası dolları qiymətini yüksəltməkdə davam edir. Başqa sözlərlə dolların bahalaşması da neftin ucuzlaşması deməkdir.
Total şirkətinin rəhbəri Patrick Pouyanne ötən həftə Fransa senatına deyib ki, neft qiymətləri qalxdığı sürətlə də düşə bilər və məntiqlə neft bazarı bu ilin sonunadək sabitləşməyəcək.
Cənab Pouyanne deyib ki, illik neft-qaz investisiyalarının 2014-cü ildəki 700 milyard dollardan 400 milyard dollara düşməsi 2020-ci ilədək günə 5 milyon barrel neft çatışmazlığı yaradacaq. Neft qiymətləri də o vaxt sürətlə qalxa bilər, amma əvvəlcə bazardakı artıq neft təmizlənib qurtarmalıdır.
Səudiyyənin “su buraxan gəmisi”
Ambrose Evans-Pritchard yazır ki, indi neft qiymətləri “olmadı elə, oldu belə” qovşağındadır.
Onun fikrincə, hedge tipli fondların “kağız üzərindəki nefti” almaqda davam etməsi qiymətləri reallıqdan qoparıb, halbuki neft qiymətləri adətən yayın sonuna yaxın mövsümi qaydada düşür.
Morgan Stanley şirkətindən Adam Longson “The Telegraph” qəzetinə deyib ki, Nigeriya və Kanadada neft hasilatında yaranmış fasilələr günə 2 milyon barrelin bazara çıxmaması ilə nəticələnib və bu bazarın sabitləşməsinə kömək edib, fəqət bu vəziyyət davamlı ola bilməz. Kanada artıq iyun ayında hasilat həcmlərini bərpa edəcək.
Llewellyn Consulting firmasından Ben Combes deyir ki, ABŞ Enerji Nazirliyinin son rəqəmləri də hasilatın artdığını göstərir. Bazardakı izafi neft qalığı dəyişmir və neft bu il bir daha qiymətdən düşə bilər.
“The Telegraph” yazır ki, əlbəttə, neft qiymətlərinin haçansa qalxacağı gözləniləndir, amma səudların həmin vaxtadək “öz su buraxan gəmilərində maliyyə fırtınasından” salamat çıxacağı sual altındadır
-BBC