“Elliptic” şirkətinin mütəxəssislərinin hesablamalarına görə, KXDR-dən (Şimali Koreya) olan hakerlər ilin əvvəlindən etibarən ümumilikdə 2 milyard dollardan çox dəyərində kriptovalyuta aktivləri oğurlayıblar. Bu, Şimali Koreya kibercinayətkarları üçün belə qısa müddətdə qeydə alınmış rekord məbləğdir. Ümumilikdə isə onlar bu günə qədər 6 milyard dollardan artıq vəsaiti ələ keçiriblər.
Texnologiya sahəsində ixtisaslaşmış “PCMag” nəşri xəbər verir ki, fevral ayında hakerlər tarixdə ən böyük kriptovalyuta oğurluğunu həyata keçiriblər, belə ki, “Bybit” birjasından 1,4 milyard dollardan çox vəsait oğurlanıb.
Hakerlər rəqəmsal cüzdan xidmət təminatçısının sisteminə müdaxilə edərək “Bybit”in “soyuq” cüzdanından 400 000 ədəd “Ethereum” kriptovalyutasını köçürüblər. Platforma rəhbərliyinin bildirdiyinə görə, bu vəsaitlərin təxminən 68%-ni izləmək mümkün olub. Bu isə o deməkdir ki, cinayətkarlar əldə etdikləri qanunsuz gəlirin yalnız bir hissəsini nağdlaşdıra biliblər.
Cari il ərzində Şimali koreyalı hakerlər “LND.fi”, “WOO X” və “Seedify” kimi platformalara da hücumlar ediblər. Ümumilikdə, təxminən 30 hadisə qeydə alınıb. “Chainalysis” mütəxəssislərinin məlumatına əsasən, ilin əvvəlindən bəri bu kibercinayətkarlar 2,17 milyard dollar dəyərində aktivləri ələ keçiriblər.
“Elliptic” və “Chainalysis” şirkətləri blokçeyn üzərindən tranzaksiyaları izləmə xidmətləri təqdim edir və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək qeyri-qanuni əməliyyatların qarşısının alınmasına yardım göstərirlər.
Analitiklərin xəbərdarlığına görə, hakerlər hücumlarını yalnız kriptovalyuta birjalarına və blokçeyn şirkətlərinə deyil, həm də varlı şəxslərə yönəldə bilərlər. Kibercinayətkarlar xüsusən sosial mühəndislik üsullarından və fişinq hücumlarından istifadə edərək və qurbanları aldadaraq zərərli proqram təminatını quraşdırmağa məcbur edirlər.
“Chainalysis” məlumatına əsasən, il başlayandan bəri fiziki şəxslərə qarşı həyata keçirilən oğurluqların payı kriptovalyuta ilə bağlı cinayətlərin ümumi həcminin 23,35%-nə çatıb.