19 C
Baku
Wednesday, October 8, 2025

Azərbaycanda neçə sənədsiz yaşayış binası var və onların aqibəti necə olacaq?

Azərbaycanda illərdir insanların yaşadığı, qazı, işığı, suyu olan, amma bəzi tikinti və sənədləşdirmə standartlarına cavab vermədiyinə görə hələ də rəsmən istismara verilməyən onlarla çoxmənzilli yaşayış binası var. Binaları tikənlərin vaxtında yol verdiyi məsuliyyətsizlik və ya başqa səbəblərdən bu binaların sakinləri evlərinə çıxarış ala bilmirlər.

Bəs bu binaların rəsmən sənədləşdirilməsini mümkünsüz edən əsas səbəblər hansılardır?

2020-ci ilə qədər belə binaların sayı daha çox idi.

Prezidentin 2019-cu ildə imzaladığı 529-cu fərmanı ilə 408 bina obrazlı şəkildə desək, amnistiyaya düşdü. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanla bu binaların 300-400 min sakini mənzil hüquqlarına qovuşdu.

FHN-in nümayəndəsi Elxan Əsədov deyib ki, istismarına icazə verilməyən 84579 mənzil var idi. Onlardan 67 bina qaldı.

“Onunun hətta sovet dövründən tikintisinə başlanılmışdır. Onların tikintisini, sənədləşmə işlərini rəsmi olaraq başa çatdırmaq mümkün olmamışdır. 17 binanın sahibləri müəyyən səbəblərdən ya azadlıqdan məhrum olunublar, ya artıq həyatda yoxdurlar.

Bəzi binalarda beton və ya armaturun müayinə aktları yoxdur. Biz təyin eləyə bilmirik ki, bunlar hansı betondan, armaturdan istifadə ediblər. Hər girişdə iki lift nəzərdə tutulub, lakin biri qoyulub. Binanın tüstülənməyən pilləkən qəfəsi olmalıdır, amma yerində tüstülənəndir. Belə olan halda vətəndaşlar içəridə tüstüdən boğula bilərlər”.

Bəs hazırda sadələşdirmə olmadan sənədləşdirilməsi mümkünsüz görünən binaların sənəd alma şansı varmı?

Elxan Əsədov deyib ki, Mülkiyyətçilərin Müştərək Cəmiyyətləri və yaxud da ki, o binanın tikintisini vaxtında həyata keçirən orqanlar problemləri sakinlərin köməyilə birləşib aradan qaldırmalıdırlar: “Sonra isə müraciət eləsinlər ki, bu proses davam eləsin, amma sadələşdirilmiş formada yox, adi qaydada”.

Nöqsanların siyahısını isə rayonlarda icra hakimiyyətlərindən, Bakıda isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən almaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər