ABŞ Ticarət Nazirliyi “Nvidia Corp.” tərəfindən istehsal olunan çiplərin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracı üçün lisenziyalar verib. Bu qərar süni intellekt sahəsində tərəfdaşlığın inkişafı üzrə ikitərəfli razılaşma çərçivəsində qəbul edilib, “Bloomberg” yazır.
Mənbələrin sözlərinə görə, lisenziyaların verilməsi BƏƏ hökumətinin ABŞ iqtisadiyyatına böyük həcmdə investisiya yatırmaq planlarına cavab addımı olub.
Eyni zamanda, investisiyaların və ya çip tədarüklərinin həcmi açıqlanmayıb.
ABŞ 2023-cü ildə Qərbi Asiya (Fars körfəzi) ölkələrinə qabaqcıl süni intellekt çiplərinin tədarükünə məhdudiyyətlər tətbiq edib. Bu qərar həmin çiplərin Çinə yönləndirilə biləcəyi ilə bağlı narahatlıqlarla izah olunub.
BƏƏ-nin G42 şirkəti Əbu-Dabidə süni intellekt texnologiyaları üçün iri məlumat emalı mərkəzi (Data Center) inşa edir. Layihənin tərəfdaşları arasında “OpenAI” (ChatGPT-nin yaradıcısı), “Oracle Corp.”, “SoftBank”, “Nvidia” və “Cisco Systems Inc.” yer alır.
Mənbələrin qeyd etdiyinə görə, bu layihə üçün çoxlu sayda çip tələb olunur, lakin ilk lisenziyalar G42 şirkətinə tədarükləri əhatə etmir.