Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin ilk üç rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb və 164,9 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 faiz artaraq 126,1 milyon manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 iyul 2025-ci il ərzində ölkədə cəmi 2 381 nəfər işsizlikdən sığorta alıb.
Qeyd edək ki, 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436,7 manat olub.
İşsiz əhali – müəyyən olunmuş həftə ərzində (müayinə həftəsində) işi və qazancı (gəliri) olmayan, müayinə həftəsindən əvvəlki son dörd həftə (və ya bir ay) ərzində ödənişli və ya gəlir gətirən hər hansı işlə məşğul olmaq üçün iş axtaran, müayinə həftəsində və ya sonrakı iki həftə ərzində işə başlamağa hazır olan əmək qabiliyyətli yaşda olan şəxslərdir. İşsizliyin səviyyəsi – işsiz əhalinin sayının iqtisadi fəal əhalinin sayında faizlə ölçülən xüsusi çəkisidir.