“Yelo Bank” ASC 2025-ci ilin ilk doqquz ayında ümumi həcmi 142,8 milyon manat olan cəmi gəlir əldə edib.
Banker.az xəbər verir ki, bu barədə Bankın rüblük maliyyə hesabatında qeyd edilib.
Kommersiya bankı ilk üç rübü 24,8 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 29% azdır. 2024-cü ilin 9 ayı üzrə 35,1 milyon manat idi. Mənfəətin azalmasına əsasən qeyri-faiz gəlirlərinin yarıbayarı azalması və əməliyyat xərclərinin yüksək qalması təsir edib.
Hesabat dövründə bankın ümumi faiz gəlirləri 15,9% artaraq 130,8 milyon manata çatıb. Bunun 94%-i müştərilərə verilmiş kreditlər üzrə faizlərdən formalaşıb (122,8 milyon manat). Faiz xərcləri 21,2% artaraq 47,6 milyon manata yüksəlib ki, bunun da əsas hissəsi — 44,1 milyon manatı depozitlər üzrə faizlərdir. Nəticədə bankın xalis faiz gəliri illik müqayisədə 13,9% artaraq 80,6 milyon manat olub.
Qeyri-faiz gəlirləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin, yəni 50,8% azalaraq 12,0 milyon manat təşkil edib. Xarici valyuta əməliyyatlarından gəlirlər 2,9 milyon manata düşüb (2024-cü ildə 9,4 milyon manat). Əmək haqqı və inzibati xərcləri daxil olmaqla qeyri-faiz xərcləri isə 64,8 milyon manat səviyyəsində sabit qalıb.
30 sentyabr 2025-ci il tarixinə “Yelo Bank”ın aktivləri 1,44 milyard manat olub ki, bu da ilin əvvəlindən 12,9% artım deməkdir. Artım əsasən kredit portfelindəki genişlənmə hesabına baş verib. Müştərilərə verilmiş kreditlər 12,7% artaraq 1,05 milyard manata çatıb. Kredit portfelinin 62%-ni biznes kreditləri (646 milyon manat), 30%-ni istehlak kreditləri (312 milyon manat), qalan hissəsini isə daşınmaz əmlak kreditləri (95 milyon manat) təşkil edib.
Depozit portfeli 11,9% artaraq 1,04 milyard manata çatıb. Fiziki şəxslərin əmanətləri 19,9% artımla 879 milyon manata, hüquqi şəxslərin depozitləri isə 19,1% azalaraq 160 milyon manata enib.
Bankın ümumi kapitalı 169,7 milyon manat təşkil edib ki, bu da ilin əvvəlindən 17,8% artım deməkdir. Bununla belə, Bank illərin yığılmış zərərini azalda bilib: 1 oktyabr 2025-ci il tarixinə 245 milyon manatdan 220 milyon manat səviyyəsində düşüb.
Xatırladaq ki, “Yelo Bank”ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.