“The Wall Street Journal” yazır ki, “Stellantis” şirkəti onilliyin sonuna qədər ABŞ-də “Jeep”, pikap və “Dodge” modellərinin istehsalına 13 milyard dollar sərmayə qoymağı planlaşdırır. Qlobal avtomobil istehsalçısı bunu öz tarixində ən böyük sərmayə adlandırır.
Bu investisiya şirkətin Orta Qərb bölgəsində yerləşən zavodlarında 5000 yeni iş yeri yaratmağa imkan verəcək. Həmçinin yeni modellər üçün ehtiyat hissələri və komponentlər istehsal edən təchizatçılar da 20 min yeni iş yeri yarada biləcəklər.
Əvvəllər Niderland avtomobil konserni ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən gömrük rüsumlarından 1,5 milyard dollar itkiyə məruz qaldığını qiymətləndirmişdi. Yeni investisiya planı bu xərcləri kompensasiya etməyə yönəlib. Qeyd edək ki, “Stellantis” 2021-ci ilin əvvəlində “Fiat Chrysler Automobiles” və “PSA Group” şirkətlərinin birləşməsi nəticəsində yaradılıb.
Şirkət Şimali Amerika bazarından asılıdır, çünki tarixi olaraq onun mənfəətinin əsas hissəsi bu regiondan gəlir. Filosa 2025-ci ilin iyununda konsernin rəhbəri olub. Tramp əvvəllər bildirib ki, ABŞ-də istehsal olunan avtomobillərə “heç bir rüsum tətbiq edilməyəcək”, lakin heç bir avtomobil 100% ABŞ istehsalı hissələrdən ibarət deyil.
Şirkətin investisiya planları həm benzinli, həm də elektrikli modellərin Miçiqan, İndiana, İllinoys və Ohayo ştatlarındakı zavodlarda istehsalını əhatə edir. Filosa bildirib ki, gələcəkdə şirkətin digər əsas ABŞ brendləri, o cümlədən “Chrysler” və “Dodge” üçün əlavə planlar açıqlanacaq.
Avtomobil istehsalçısı ABŞ-də son illərdə azalan bazar payını bərpa etmək üçün “Jeep” markasının vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyir. 2024-cü ildə “Stellantis”in ABŞ-də bütün pərakəndə satışlarının 80%-dən çoxu pikap və iri SUV modellərinin payına düşüb. Filosa bildirib ki, şirkətin ABŞ-də satışlarının azalması əvvəlki illərdə yeddi modelin mərhələli şəkildə istehsaldan çıxarılması qərarından qaynaqlanıb. “İndi bərpa üçün aydın strategiyamız var”, — deyə o qeyd edib.
Dekabr ayında şirkətin əvvəlki baş direktoru Karlos Tavares gözlənilmədən istefa verib. O, 2021-ci ilin yanvarından “Stellantis”ə rəhbərlik edib və “PSA Group” ilə “Fiat Chrysler”in birləşməsinə nəzarət edib.








