18 C
Baku
Wednesday, October 15, 2025

EBRD Azərbaycanda irimiqyaslı nəqliyyat layihələrinin maliyyələşdirilməsində iştirak edə bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) nəqliyyat infrastrukturunun modernləşdirilməsi üzrə irimiqyaslı layihələrin maliyyələşdirilməsində və ya müştərək maliyyələşdirilməsində iştirak edə bilər.

Bunu EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Drakinos deyib.

“Biz davamlı komponentlər üçün donor vəsaitləri cəlb edə və layihələrlə bağlı risklərin azaldılması, investisiya cəlbediciliyinin təmin edilməsi və bütün iştirakçılar üçün faydanın maksimum dərəcədə artırılması üçün hərtərəfli texniki-iqtisadi, ekoloji və sosial araşdırmalar apara bilərik. Biz həmçinin təkcə investisiya qərarlarının deyil, həm də daha qüsursuz, davamlı və rəqabətqabiliyyətli sistem yaratmağa yönəlmiş “yumşaq” tədbirlərin müəyyən edilməsinə kömək edirik”, – o bildirib.

A.Drakinosun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi onu Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas həlqəsinə çevirir. “ABŞ-nin dəstəyi ilə sülh sazişi çərçivəsində əldə edilən tərəqqi regional inteqrasiyanın daha da möhkəmləndirilməsi üçün ümidverici perspektivlərin olduğunu göstərir, ticarət, investisiyalar və inklüziv inkişaf üçün yeni imkanlar açır.

Bu cür əlaqə təkcə daha sürətli və etibarlı deyil, həm də daha “yaşıl” və davamlı olmalıdır. EBRD bu məqsədə nail olunmasına əhəmiyyətli töhfə vermək üçün çox yaxşı mövqedədir. Tərəfdaşlığımızın bu yeni və perspektivli mərhələsinə görə məmnunluq hissi keçiririk!”, – regional direktor əlavə edib.

Onun fikrincə, təcrübədə “yaşıl dəhliz” həllərinə multimodal inteqrasiya – dəmir yolu, liman, dəniz və avtomobil əlaqələrinin birləşdirilməsi, logistik proseslərin rəqəmsallaşdırılması, həmçinin marşrut boyunca enerji keçidinin təmin edilməsi üzrə tədbirlər daxildir.

“Konkret misal olaraq Gürcüstan və Azərbaycan dəmir yolları ilə birgə kontreylerlərlə bağlı apardığımız araşdırmanı göstərmək olar. Layihə yük maşınlarının sürücülərlə birlikdə Batumi və Bakı arasında dəmir yolu ilə daşınmasını nəzərdə tutur ki, bu da tıxacları və emissiyaları azaltmağa imkan verəcək”, – A.Drakinos vurğulayıb.

O əlavə edib ki, investisiyaları nəzərdən keçirərkən əsas amillər aydın iqtisadi məqsədəuyğunluq və bank cəlbediciliyi, real və ölçülə bilən ekoloji səmərə, eləcə də bütün iştirakçıların prosesə sadiqliyidir: “Yaşıl dəhliz”lər daha təmiz və ağıllı bağlantı formasını – bir-biri ilə səmərəli əməkdaşlıq edən iqtisadi aktorların ekosistemini təmsil edir. Bu sahədə böyük təcrübəyə malik olan EBRD belə təşəbbüslərin həyata keçirilməsində etibarlı və təbii tərəfdaşdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər