22 C
Baku
Monday, October 20, 2025

“PAŞA Bank” ilk üç rübdə ₼597,3 mln. gəlir, ₼132,8 mln. xalis mənfəət əldə edib

“PAŞA Bank” ASC-nin 2025-ci ilin ilk üç rübü üzrə cəmi gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.

Banker.az bunu Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bankın faiz və qeyri-faiz gəlirlərinin ümumi məbləği 2025-ci ilin yanvar–sentyabr aylarında 597,3 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 10,5% çoxdur. Belə ki, 2024-cü ilin eyni dövrü 554,1 milyon manat cəmi gəliri vardı. Gəlirlərin artımı əsasən kredit portfelinin böyüməsi və depozitlərdən, eləcə də banklararası yerləşdirmələrdən əldə olunan faiz gəlirlərinin yüksəlməsi ilə əlaqədardır.

Hesabat dövründə “PAŞA Bank”ın faiz gəlirləri 396,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artım deməkdir. Artımın əsas hissəsi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 216,6 milyon manata (2024-cü ilin eyni dövrü: 195,2 milyon manat) yüksəlməsi hesabına baş verib. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 64,4 milyon manata çatıb (2024: 46,9 milyon manat), ticarət və investisiya qiymətli kağızlarından gəlir isə 93,6 milyon manat olub.

Faiz xərcləri il ərzində daha yüksək templə artaraq 84,9 milyon manatdan 141,5 milyon manata yüksəlib. Əsas artım depozitlər üzrə faiz ödənişlərində müşahidə olunur — bu göstərici 2025-ci ilin ilk üç rübündə 121,2 milyon manat təşkil edib (2024: 72,2 milyon manat). Nəticədə bankın xalis faiz gəliri ötən illə müqayisədə 6,2% azalaraq 267,3 milyon manatdan 250,7 milyon manata enib.

Qeyri-faiz gəlirləri 2025-ci ilin ilk doqquz ayında 200,6 milyon manat təşkil edib və bu da ötən ilin eyni dövrünə nisbətən 3% artımdır. Əsas gəlir mənbəyi olan alınan haqq və komissiyalar 132,1 milyon manat olub (2024: 121,1 milyon manat). Xarici valyuta əməliyyatlarından gəlirlər isə cüzi artımla 30,8 milyon manata çatıb.

Qeyri-faiz xərcləri nisbətən sabit qalıb — 2025-ci ildə 265,9 milyon manat, ötən ilin eyni dövründə isə 268,6 milyon manat olub.

Beləliklə, “PAŞA Bank”ın əməliyyat mənfəəti 2025-ci ilin yanvar–sentyabr aylarında 185,3 milyon manat olub, bu da ötən ilin eyni dövrü ilə (193,3 milyon manat) müqayisədə 4,1% azdır. Mənfəət vergisi ödənişlərindən sonra bank dövrü 132,8 milyon manat xalis mənfəətlə başa vurub.

Son xəbərlər
Digər xəbərlər