Çinin Ümumi Daxili Məhsulu (ÜDM) yanvar–sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artıb. Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika Bürosunun hesabatında bildirilir.
İlkin məlumatlara görə, hesabat dövründə Çinin ÜDM-i 101,5 trilyon yuan təşkil edib ki, bu da Çin Xalq Bankının məzənnəsinə əsasən təxminən 14,3 trilyon ABŞ dollarına bərabərdir. Üçüncü rübdə ölkə iqtisadiyyatı illik ifadədə 4,8% artıb və bu, proqnozlara uyğundur.
İyulun 9-da keçirilən mətbuat konfransında Çin Xalq Respublikasının İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin rəhbəri Çjen Şanjie 14-cü beşillik (2021–2025) dövrünün sonunda ÜDM-in 35 trilyon yuan artaraq 140 trilyon yuana (təxminən 19,5 trilyon dollar) çatacağını proqnozlaşdırıb.
Beşilliyin ilk dörd ili ərzində ölkədə ÜDM-in orta artım tempi 5,5% olub. 2024-cü ildə artım 5% təşkil edib və cari ildə də eyni göstəricinin gözlənildiyi bildirilir.
Dünya Bankı Çin iqtisadiyyatı üçün ən yüksək dayanıqlıq proqnozlaşdırıb. ABŞ tərəfindən tətbiq edilən tarif müharibəsinə baxmayaraq, Çinin ÜDM-i üçün 2025-ci ildə 4,5%, 2026-cı ildə isə 4% artım proqnozlaşdırılıb. Beynəlxalq Valyuta Fondu (BVF) da 2025 və 2026-cı illər üçün 4% artım gözlədiyini açıqlayıb. “Swiss Re” isə 2025-ci ildə gömrük rüsumlarının tətbiqi və ümumi qeyri-müəyyənlik fonunda iqtisadi fəallığın azalması səbəbindən Çin ÜDM artımının 4,7%-ə qədər yavaşlayacağını ehtimal edir.