Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya reparasiya kreditləri şəklində verilməsi barədə razılığa gəliblər. “Politico”nun yazdığına görə, yekun qərarın cümə axşamı Aİ liderlərinin sammitində təsdiqlənməsi gözlənilir.
Daha əvvəl Belçika usiya aktivlərinin müsadirəsinə qarşı çıxırdı, çünki bu aktivlərin böyük hissəsi ölkədə yerləşən “Euroclear” şirkətinin balansında saxlanılır. Rəsmilər məhkəmə çəkişmələri halında məhz Belçikanın Rusiyaya kompensasiya ödəmək məcburiyyətində qalacağından ehtiyat edirdilər. Sammit üçün hazırlanan sənədin layihəsində qeyd olunur ki, Avropa Komissiyası “Avropa həmrəyliyi və risklərin bölüşdürülməsi üçün uyğun mexanizmlərlə dəstəklənmiş” layihə hazırlamalıdır.
Belçikanın daimi nümayəndəsi nəşrə bildirib ki, ölkəsi Aİ liderlərinin görüşündə Rusiya aktivləri ilə bağlı qərarı bloklamayacaq. Digər, adının açıqlanmasını istəməyən bir Aİ ölkəsinin nümayəndəsi isə “Belçikanın sammitdə problem yaradacağından çox da narahat olmadığını” deyib.
Sentyabrın 10-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan etmişdi ki, Aİ Qərbdə dondurulmuş Rusiya aktivlərini müsadirə etmək niyyətində deyil, lakin onları Ukraynaya kredit verilməsi üçün istifadə edəcək. Avropada dondurulmuş Rusiya dövlət aktivlərinin əsas hissəsi — 200 milyard avrodan bir qədər çox — Belçikadakı “Euroclear” şirkətində saxlanılır. Platforma dəfələrlə bu aktivlərin müsadirəsinə qarşı çıxaraq xəbərdarlıq edib ki, bu addım Rusiyanın digər regionlarda Avropa və ya Belçika aktivlərini məhkəmə qaydasında ələ keçirməsinə səbəb ola bilər.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Qərbin dondurulmuş Rusiya ehtiyatlarını “oğurlaması” qlobal maliyyə-iqtisadi sistemin dağılmasına və iqtisadi separatizmin güclənməsinə gətirib çıxaracaq. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Avropada aktivlərinin mənimsənilməsinə mütləq cavab verəcək və Kreml bu sxemdə iştirak edənlərə qarşı hüquqi tədbirlər görmək niyyətindədir.