Son dövrlər cəmiyyətdə əsas diqqət çəkən məsələlərdən biri də ali təhsil almış, lakin ixtisasına uyğun iş tapmaqda çətinlik çəkən gənclərin sayının artmasıdır. Bu, təkcə ölkəmizdə deyil, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə də müşahidə olunan ümumi tendensiyadır.
Əmək bazarının tələbləri ilə ali təhsil sisteminin verdiyi ixtisaslar arasında bəzən uyğunluğun olmaması, sözügedən problemin əsas səbəblərindən biri kimi göstərilir. Bu kontekstdə bəzi ixtisasların məzunları digərləri ilə müqayisədə daha çox işsizlik riski, habelə əmək bazarına atılmaqda bir sıra maneələrlə üzləşirlər.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, iş tapmaqda ən çox çətinlik çəkənlər sırasında humanitar və sosial sahələrin məzunları çoxluq təşkil edir:
“Jurnalistika, beynəlxalq münasibətlər, filologiya, tarix, hüquq kimi ixtisaslarda hər il çox sayda gənc universiteti bitirir, amma bu qədər məzun üçün real iş yerləri yoxdur. Təklif tələbi xeyli üstələyir. Digər tərəfdən, bəzi texniki ixtisaslar üzrə də problem qalır. Mühəndislik, informasiya texnologiyaları, energetika kimi sahələrdə iş imkanları var, amma işəgötürənlər daha çox praktiki təcrübəyə malik mütəxəssisləri axtarırlar. Nəticədə, savadlı, lakin təcrübəsiz gənclər kənarda qalır”.
Onun sözlərinə görə, əmək bazarının real tələbinə baxanda aydın olur ki, bu gün texnologiya yönümlü ixtisaslar ön plana çıxıb:
“İT və proqramlaşdırma, rəqəmsal marketinq, maliyyə, mühasibatlıq, tibbi xidmət, logistika və peşəkar texniki sahələrdə gənclər daha rahat iş tapırlar. Bu sahələrdə uğur qazananların əsas üstünlüyü ondan ibarətdir ki, onlar universitet biliklərini praktik bacarıqla birləşdirə bilirlər. Yəni artıq yalnız diplom kifayət etmir, tələb olunan əsas keyfiyyət bacarıq və nəticə göstərməkdir.
Dünya təcrübəsi də bu reallığı təsdiqləyir. Avropada və ABŞ-da humanitar sahələrdə məzun çoxdur, amma vakansiya az. Əvəzində texniki və elmi istiqamətlərdə ixtisaslı kadr çatışmazlığı yaşanır. Bu ölkələrdə gənclərin işə qəbulunda əsas üstünlük praktiki təcrübəyə, real layihələrdə iştirakına, ixtisasartırma kurslarına və sertifikatlara verilir. Digər mühüm amil isə sosial əlaqələr və peşəkar çevrədə tanınmaqdır”.
Deputat vurğulayıb ki, əmək bazarına daxil olma prosesində dil bilikləri xüsusi əhəmiyyət daşıyır.
“Bu gün ingilis dili artıq əlavə üstünlük yox, zəruri şərtdir. Xarici dil bilən gənc həm yerli, həm də beynəlxalq bazarda daha çox fürsət qazanır. İkinci və ya üçüncü dil bilikləri isə həmin imkanları ikiqat artırır. Amma təkcə dil yox, öz üzərində fasiləsiz işləmək də vacibdir. Texnologiyanın, iqtisadiyyatın və kommunikasiya mühitinin bu qədər sürətlə dəyişdiyi bir dövrdə gəncin ən böyük gücü onun adaptasiya qabiliyyətidir. Kim dəyişikliklərə açıqdırsa, kim daima öyrənməyə meyllidirsə, o daha tez və uğurla öz yerini tapır”.
E.Akimova onu da diqqətə çatdırıb ki, bu gün diplom bir başlanğıcdır, amma müvəffəqiyyət üçün kifayət deyil:
“Əmək bazarında qalib gəlmək üçün gənclər tələbatı olan sahələri seçməli, biliklərini praktiki bacarıqlarla möhkəmləndirməli və daim öz üzərində işləməlidirlər. Kim bu üç istiqaməti düzgün qurursa, ixtisas seçimi, təcrübə və inkişaf – o zaman istənilən şəraitdə iş tapmaq və uğurlu karyera qurmaq mümkündür.
Azərbaycan gəncliyi üçün də bu, real və əldə edilə bilən bir məqsəddir. Sadəcə, zamanın dəyişən qaydalarını görmək, diplomla kifayətlənməmək və özünə sərmayə qoymaq lazımdır. Çünki bu günün dünyasında iş tapmaq deyil, dəyər yaratmaq bacarığı əsas fərqi müəyyən edir”,- deyə E.Akimova qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova isə bildirib ki, son illərdə diplom almış, amma ixtisasına uyğun iş tapa bilməyən gənclərin çoxluğu təkcə Azərbaycanın deyil, bir çox ölkələrin də sosial reallığıdır.
“Bu vəziyyət, bir tərəfdən əmək bazarının tələbləri ilə təhsil sisteminin hazırladığı kadrlar arasında olan uyğunsuzluqdan, digər tərəfdən isə gənclərin universitet illərində praktik bacarıqlara kifayət qədər yiyələnməməsindən qaynaqlanır.
Ən çox çətinlik çəkənlər, adətən, humanitar və nəzəri istiqamətli ixtisaslarda təhsil alan gənclərdir. Tarix, fəlsəfə, filologiya kimi sahələr, şübhəsiz ki, intellektual dəyəri yüksək istiqamətlərdir, amma bu biliklər praktik bacarıqlara çevrilmədikdə əmək bazarında yer tapmaq çətinləşir. Əksinə, texnologiya, mühəndislik, maliyyə, IT və rəqəmsal marketinq kimi sahələrdə iş tapmaq daha asandır, çünki bu ixtisaslar birbaşa bazarın real ehtiyaclarına cavab verir”.
G.Əkbərova, həmçinin beynəlxalq təcrübədə bu balansın qorunmasına xüsusi diqqət yetirildiyindən də bəhs edib:
“Məsələn, Finlandiya, Almaniya və Sinqapur kimi ölkələrdə universitetlərlə sənaye arasında sıx əməkdaşlıq var. Tələbələr təhsilləri dövründə artıq real layihələrdə iştirak edir, iş mühitini tanıyır və məzun olmamışdan əvvəl praktiki təcrübə qazanırlar. Bizdə də bu sistem tədricən formalaşır, amma hələ də nəzəri biliklər çox zaman praktik təcrübədən üstün tutulur. Halbuki, müasir əmək bazarında işəgötürən üçün ən dəyərli göstərici məhz gəncin real bacarıqları və fərdi təşəbbüskarlığıdır.
Əmək bazarına daha rahat daxil olan gənclər adətən bir neçə ortaq xüsusiyyətə malik olurlar: onlar dil biliklərinə önəm verən, rəqəmsal texnologiyalardan istifadə etməyi bacaran və sosial bacarıqlarda aktiv olan gənclərdir. İngilis dili bu gün artıq üstünlük deyil, zərurətdir. Çünki bir çox peşə sahələrində beynəlxalq resurslardan, məlumat bazalarından və təlim platformalarından yararlanmaq üçün dil bilikləri qaçılmaz şərtə çevrilib. Bununla yanaşı, gənclər komanda işi, ünsiyyət bacarıqları və problem həll etmə qabiliyyəti kimi “yumşaq bacarıqlar”ı da inkişaf etdirməlidirlər. Könüllülük fəaliyyəti və staj proqramları da iş tapmaq şansını artıran mühüm amillərdəndir – çünki bu, həm sosial şəbəkələşmə, həm də real iş təcrübəsi deməkdir”.
Onun fikrincə, dilin rolu təkcə ünsiyyət vasitəsi olmaqla bitmir:
“Xarici dil öyrənmək insanın düşünmə tərzini dəyişir, dünyagörüşünü genişləndirir, onu beynəlxalq miqyasda daha rəqabətədavamlı edir. Öz üzərində fasiləsiz işləmək isə bu prosesin təməlidir. Artıq diplom son nöqtə deyil, başlanğıcdır. Dünya çox sürətlə dəyişir, və “ömürboyu öyrənmə” prinsipi hər bir gəncin peşəkar inkişaf xəritəsində əsas bəndə çevrilməlidir”.
O, eyni zamanda sözügedən kontekstdə valideynlərin də övladlarının gələcək uğurlarında mühüm rol oynadığına diqqət çəkib:
“Valideynlər uşaqlarını ixtisas seçimində yalnız cəmiyyətin “populyar” sahələrinə deyil, daha çox uşağın maraqlarına, bacarıqlarına və potensialına uyğun istiqamətlərə yönləndirməlidirlər. Həmçinin, övladlarını dil öyrənməyə, müxtəlif layihələrdə iştirak etməyə və real təcrübə toplamağa təşviq etməlidirlər. Uşağın sevdiyi sahədə oxuması, həm onun motivasiyasını, həm də peşəkar uğur ehtimalını artırır.
Beləliklə, bu gün gənclərin əmək bazarına uğurla atılmasının açarı – çevik düşüncə, dil biliyi, praktiki bacarıq və öyrənməkdən çəkinməməkdədir. Təhsil sisteminin və valideynlərin rolu isə onlara bu bacarıqları qazanmaq üçün şərait yaratmaqdır”,- deyə G.Əkbərova fikrini sonlandırıb.